Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 10:39:00
Paytaxt məktəbində şəhidin anım mərasimi keçirilib-FOTO

Bakıdakı 214 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb.


Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.


İştirakçılar əvvəlcə şəhid Cavid Həsənovun adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış olublar.


Məktəbin direktoru Fəttah Fəttayev Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.


Mərasimdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiram göstərildiyini bildirib.


Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmağın vacibliyini qeyd edən H.Əsgərov bu işdə təhsil müəssisələrinin mühüm rolundan danışıb. Vurğulayıb ki, məktəbin vəzifəsi təhsil verməklə yanaşı, gənc nəsli vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə edərək layiqli vətəndaş yetişdirməkdir.


Digər çıxış edənlər Cavidin qısa və şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən danışıblar. Qeyd edilib ki, Cavidlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Cavidin və bütün Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.


Tədbir zamanı şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.


Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.