Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 15:30:00
Övladınız bu səbəblərdən bağçaya getmək istəməyə bilər – Çıxış yolları

 

 

Psixoloqlar bildirir ki, 2-4 yaş aralığı uşaq həyatında çox vacib mərhələdir. Bu vaxt uşaqlar tualet vərdişləri qazanır, səliqə-sahmana öyrənir, bir sözlə, onlarda sosiallaşma prosesi gedir. Ona görə də bağçaya getmək üçün ideal yaş 3 və daha böyük yaş dövrüdür.

 

Bəzən uşaqlar müxtəlif səbəblərə görə bağçaya getmək istəmirlər. Bu zaman uşağın bağçaya getmək istəməmə səbəbi  ətraflı şəkildə araşdırılmalıdır.

 

AzEdu.az həmin səbəbləri sizin üçün təqdim  edir :

 

Anadan ayrılma qorxusu

 

Uşaqların bağçaya getmək istəməməsinin başlıca  səbəblərindən biri anadan ayrılma qorxusudur. Bu qorxunu yaşayan uşaq üçün bağça davamiyyətini yavaş-yavaş  formalaşdırmaq lazımdır. Bu zaman ana və uşaq arasında olan münasibəti güvənli hala gətirmək vacibdir. Ana övladını bağçaya yola salarkən sakit və qətiyyətli olmalıdır . Valideyn mütləq övladına onu nə vaxt gəlib götürəcəyini başa düşəcəyi  formada izah etməlidir.

 

Bağça müəllimini sevməməsi

Bağça müəlliminin neqativ münasibəti övladınızın bağçaya getmək istəməməsinə səbəb ola bilər. Buna görə də bağça seçimi zamanı müəllim kollektivinə fikir vermək lazımdır . Başqa uşaqların qarşısında müəllimin uşağı danlaması  uşaq üçün travma ola bilər.

 

Bağçaya adaptasiyada çətinlik

 

Bəzən uşaqlar üçün bağçaya getmək, yeni mühitlə tanış olmaq  və  bağçadakı uşaqlarla yaxınlaşmaq digərlərinə  nisbətən  daha çətin olur. Adaptasiya dövründə uşaqla çox vaxt keçirməyə çalışın. Bağçadan sonra onunla gəzintiyə çıxın. Uşaq  bu zaman hər şeyin əvvəlki kimi olduğunu hiss edib, mənfi həyəcandan uzaqlaşacaq.

 

Qarşılaşdığı problemlər

 

Uşağı qarşılayarkən ondan bağçada gününün necə keçdiyini, nələr etdiyini , yeni nələr öyrəndiyini soruşun. Ayrı qaldığınız vaxt ərzində baş vermiş hadisələri müzakirə edin. Onu tərifləyin. Əgər nəyisə səhv elədiyini düşünürsünüzsə, məsləhət verin. Onda övladınız düşünəcək ki, bağçada olan bütün problemi həll etməyə ona kömək edəcəksiniz

 

Qeyd edək ki,  Bağçaya getməmişdən əvvəl körpənizə  bağçanın nə olduğunu izah edin. Onu bağçaya aparın və   birlikdə ətrafa nəzər salın. Övladınıza bağçada  uşaqların nə etdiyini izah edin və bunun nə qədər maraqlı olduğundan  danışın.

 

Gülcahan Məmmədova