Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 10:24:00
Tələbə təhsil kreditini 10 ilə qaytara bilər  

Təhsil tələbə kreditinin müddəti təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddətindən, güzəşt dövründən və kreditin qaytarılması müddətindən (10 il) ibarətdir.

 

AzEdu.az xəbər verir ki, bu, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, təhsil tələbə kreditinin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

- yuxarı təhsil səviyyəsində əyani təhsil;

- həqiqi hərbi xidmət;

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);

- işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

Qeyd edək ki, qayda Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimləyir.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.