Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 14:49:00
AMEA: Xəzərdə vulkan püskürdüyü yerdə hazırda tədqiqat işinin aparılması qeyri-mümkündür  

Vulkanın dənizdə yerləşməsi və palçığın gec quruması ilə əlaqədar, hazırda hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılıb.

 

Xatırladaq ki, ötən axşam Xəzər dənizində güclü alovlanma ilə müşayiət olunan hadisənin baş verməsi haqqında məlumatlar yayılıb.

 

Aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, dünən təxminən saat 21:50 radələrində püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlıdır. Vulkan Bakıdan təxminən 75 kilometr cənub-qərbdə yerləşir. Azərbaycanın aktiv vulkanlarından hesab olunur. 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınıb.

 

Daşlı vulkanın güclü püskürməsi nəticəsində qeydə alınan alov sütununun hündürlüyü 500 metrdən də artıq olub. Bu da çox güman kimi sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədar olub.

 

SOCAR və Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatlarına görə, hadisə palçıq vulkanının püskürməsi ilə bağlıdır. Bu haqda müvafiq video və fotomateriallar da paylaşılıb.(Azərtac)