Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 18:45:48
"Ən yaxşı məktəb saytı" müsabiqəsində qalib olan təhsil müəssisələri

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEDU.az xəbər verir ki, bu barədə BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakının 12 rayonunu əhatə edən ümumtəhsil müəssisələri arasında Binəqədi rayonu üzrə 283, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 171, Nərimanov rayonu üzrə 57, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 195, Suraxanı rayonu üzrə 232, Xəzər rayonu üzrə 230, Nəsimi rayonu üzrə 247, Nizami rayonu üzrə 145, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 173 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri seçilib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumtəhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ çatdırılması, təhsil müəssisələrinin qazandığı uğurlar və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu bildirib.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırkı vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. Məktəb saytlarında şagird və müəllimlərin fəaliyyəti ilə bağlı yeni bölmələrin açılması, operativliyin artırılması və maarifləndirici məqalələrin yerləşdirilməsi tövsiyə olunub.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər BŞTİ tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

“Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilinin əvvəlindən başlanılıb. Müsabiqə üzrə tədris ili ərzində iki dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.