https://www.zirve.edu.az/
05.03.2018 14:15
“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli “ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə 2018-2019-cu tədris ili üçün qəbul elan edir.

AzEDU.az Trend-ə istinadən xəbər verir ki, iş yerləri Universitetin İctimai və Beynəlxalq Münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitularında, eləcə də Ümumi Təhsil proqramında müxtəlif elmi sahələr üzrədir.

Tələblər müvafiq sahədə elmlər doktoru və ya magistr dərəcəsi, ən azı iki il müddətində müəllimlik təcrübəsi, dərslər üzrə Universitetin tədris tələblərinə uyğun sillabus və materialların tərtib edilməsi, ingilis dilində mükəmməl danışıq və yazı qabiliyyətlərinə nail olmaq, Universitetə və ictimaiyyətə faydalı xidmət göstərmək öhdəliyini daxil edir.

ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir. İnnovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Bakalavr və magistr proqramlarında dərs deyəcək müəllim namizədlər dinamik, enerjili, mütərəqqi və tətbiqi yanaşmalı, ixtisaslaşmış elmi tədqiqata həvəsli alimlər olmalıdır.

 ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Vəfa Kazdalın sözlərinə görə, müəllimlərin işə götürülməsi şəffaf şəkildə aparılan bir neçə mərhələli prossesdir: “Maraqlanan şəxslər Universitetin veb və sosial media səhifələrində müəllimliyə iş elanları ilə tanış olduqdan sonra sənədlərini mart ayının sonuna qədər elektron şəkildə [email protected] ünvanına göndərməlidilər. Uyğun namizədlər daha sonra dekan və müəllim heyyəti üzvlərindən ibarət qəbul komissiyası ilə müsahibəyə dəvət edilirlər. Bu mərhələdən də keçən namizədlər universitetin tələbə və müəllim heyəti qarşısında sınaq dərsi verməyə dəvət olunurlar. İşə qəbul haqda son qərar məhz bunun nəticələrinə uyğun verilir.”

V.Kazdal onu da qeyd edib ki, yarandığı ilk gündən keyfiyyətli müəllimlərin cəlb edilməsini qarşısına məqsəd qoyan ADA Universiteti xaricdə magistr və elmlər doktoru qazanan gənc azərbaycanlı alimləri işə cəlb edə bilmişdir- hazırda Universitetin müəllim heyətinin əsas hissəsi məhz onlardan ibarətdir.

ADA Universitetinin professor-müəllim heyətində açılan iş yerləri ilə ada.edu.az/facultyjobs ünvanında tanış olmaq mümkündür.