Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 14:39:00
Tələbələrin köçürülməsi ilə bağlı vacib qaydalar – Bunlara diqqət etməli

 

 

AzEdu.az ali təhsil müəssisələrinin tələbələrinin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan başqasına köçürülməsi qaydasını təqdim edir:

 

Universitetlərdən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülmə Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

 

Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.

 

Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin  tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

 

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı minimal keçid balları haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.

 

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

 

Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

 

2021-ci ildə "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyası hazırlanıb.

 

Layihəyə əsasən, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) bütün təhsilalanların, əcnəbi və vətəndaşlığı olmayan təhsilalanların bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu qanunla tənzimlənir.

 

Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir.

 

Qeyd edək ki, hazırda tələbələrin  köçürülməsi Təhsil Nazirliyinin www.transfer.edu.az saytı vasitəsilə həyata keçirilir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları