https://www.zirve.edu.az/
09.07.2018 11:16
“Suallar ikibaşlı, imtahan zalları isə çox isti idi” – rezident namizədlərin gileyi  

Dövlət İmtahan Mərkəzi dünən 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirib.

Saat 11:00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edib. Rezidenturaya qəbul üçün ayrılan plan yerlərinin azaldılması  tələbələr arasındakı rəqabətin artmasına səbəb olub.

AzEdu.az Azərbaycan Dövlət Tibb Universiteti tələbələrinin imtahan sonrası təəssüratlarını öyrənib:

Azərbaycan Dövlət Tibb Universiteti tələbəsi Leyla Süleymanlı sualları orta dərəcəli hesab etsə də, bəzən iki cavab arasında qaldığı məqamların da olduğunu deyir:

“Suallar orta dərəcəli idi. Düşündürücü testlərə yer verilmişdi. Variantlar oxşar olduğuna görə iki cavab arasında qaldığım suallar çox oldu. Amma ümumilikdə imtahan normal keçdi. Yaxşı nəticə gözləyirəm”.

Azərbaycan Dövlət Tibb Universiteti tələbəsi Nuranə Məmmədzadə isə sualların gözlədiyindən çox çətin olduğunu düşünür:

“Suallar gözlədiyimdən çətin düşmüşdü. Əsas çətinliyim isə 2-3 oxşar variant arasında seçim etməklə bağlı oldu”.

Azərbaycan Dövlət Tibb Universiteti tələbəsi Musa Musayev də cavablandırdığı sualların mürəkkəbliyini vurğulayır: 

“Suallar orta səviyyəli idi. Ötən illərlə müqayisədə  ikibaşlı suallar nisbətən çox idi. İmtahan zallarının  kifayət qədər isti olması da bizə çətinlik yaradırdı. İmtahandan keçəcəyimi gözləyirəm”.

Azərbaycan Dövlət Tibb Universiteti tələbəsi Fuad Əliyev isə həmkarlarının əksinə, sualların asan olduğunu qeyd edir:

“Suallar gözlədiyimdən asan idi. Tək problem suallardakı səhv variantların yaxşı tərtib olunmaması idi. Bəzi variantlar ikili məna verirdi.  Gözləntim isə yüksəkdir”.

Qeyd edək ki, 609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20  namizəd imtahan verir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları