Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 14:09:00
AzTU nəqliyyatda ictimai xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə pilot layihənin icrasına başladı - FOTO

Abşeron və Qobustan rayonlarında ictimai nəqliyyatın keyfiyyətinin qiymətləndirilməsi məqsədilə “İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərar qəbuletmə mexanizmlərinin işlənməsi” pilot layihəsinin təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin, Azərbaycan Texniki Universitetinin (AzTU) və İctimai Şurasının, Abşeron və Qobustan rayon icra hakimiyyətlərinin, ERA  Marketing Center şirkətinin və BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak edib. 

 

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, pilot layihədə ən önəmli məqam bakalavr və magistrlərin prosesə cəlb olunmasıdır. Layihənin ən böyük uğuru isə özəl sektorun, beynəlxalq təşkilatın, icra hakimiyyəti və qanunverici orqanların, ali təhsil müəssisəsi və ictimaiyyətin birgə işləməsidir. Rektor deyib ki, universitetdə olan elmi-tədqiqatlar birbaşa əmək bazarı ilə əlaqəli olmalıdır. İlkin pilot layihə AzTU üçün baza rolunu oynayacaq. Bu həm də tədqiqat mədəniyyətinin formalaşmasına müsbət təsir edəcək. Hazırda tədqiqtların biznesdən kənarda qaldığını vurğulayan rektor qeyd edib ki, belə layihələr universitet-sənaye işbirliyinin formalaşması baxımından çox əhəmiyyətlidir.

 

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı, layihənin həmmüəlliflərindən biri Şahin Seyidzadə belə bir layihənin Abşeron və Qobustan ərazisində həyata keçirilməsinin təqdirəlayiq addım olduğunu deyib.  Bildirib ki, sözügedən ərazi nəqliyyatla bağlı həssas ərazidir. Millət vəkili qeyd edib ki, layihənin kağız üzərində qalmaması üçün sorğunun nəticəsi müvafiq qurumlara göndəriləcək.

 

Abşeron və Qobustan rayon icra hakimiyyətlərinin nümayəndələri də təmsil etdikləri qurum tərəfindən ərazidə nəqliyyat sisteminin keyfiyyətinin artırılması istiqamətində təkliflər və tövsiyyələrin hazırlanıb təqdim ediləcəyini qeyd edib.

 

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının İnnovasiyalar tədqiqi rəhbəri Leyla Seyidzadə pilot layihədə innovasiyaların tətbiqi üçün böyük potensialın olduğunu deyib. O, layihənin zənginləşdirilməsi ilə bağlı xarici ekspertlərlə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Daha sonra layihənin rəhbəri, AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, t.f.d. Fuad Daşdəmirov layihənin ilkin hesabatını təqdim edib. O, layihəni işçi heyəti, layihənin əsas məqsəd və hədəfləri, əhali qrupları arasında aparılacaq sorğu üçün anketlərin hazırlanması, sorğuda iştirak etmək üçün bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələrin seçim meyarları, onların sorğunu aparması məqsədi ilə keçirilmiş təlimlərin gedişi, sorğunu aparacaq nümayəndələrin təlimin nəticələrini qiymətləndirməsi, planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verib, layihənin hər bir mərhələsində aparılacaq tədqiqatlar barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

 

Sorğu və planlaşdırılan işlər haqqında məlumat verən ERA  Marketing Center şirkətinin direktoru Elmir Qasımov bildirib ki, əhali arasında sorğuların aparılması ilə bağlı AzTU tələbələri üçün təlim keçirilib. Sorğu zamanı sualların tərtibi, layihənin keçirildiyi ərazinin GPS koordinatlarının alınması və s. məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda planşetlər vasitəsilə aparılacaq sorğuda texniki qaydalar, istifadə olunacaq proqramlar barədə də tələbələr məlumatlandırılıb. Elmir Qasımov qeyd edib ki, Abşeron rayonunda 6, Qobustanda isə 5 gün aparılacaq sorğunun keçirilməsinə ümumilikdə 12 tələbə cəlb olunub. Sorğuda əhali arasından 700 nəfərin iştirakı nəzərdə tutulub.

 

O da vurğulanıb ki, vətəndaşların nəqliyyatla bağlı səsləndirdiyi problemlərin ilk dəfə olaraq elmi cəhətdən həlli təcrübə olaraq digər sahələrdə də tətbiq edilməlidir. 

 

Qeyd edək ki, layihənin aprel ayında başa çatması planlaşdırılıb.