Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 17:15:00
Ənənəvi tədrisin qismən bərpası,şagirdlərin məktəbə dönüşü-Təhsil İcmalı

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 8-14 fevralda təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Rayonlarda ənənəvi tədris  bərpa olunub  

 

8 fevraldan V-IX siniflərdə sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi tədris qismən bərpa olunub.

 

V ixtisas qrupuna hazırlaşanların nəticələri 2 il qüvvədə olacaq

 

2020-ci ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2021-ci ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.

 

Direktor olmaq istəyənlər üçün sənəd qəbulu başlayıb

 

10 fevraldan dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

15 fevraldan xüsusi məktəblərdə ənənəvi tədris bərpa edilir  

 

Fevralın 15-dən xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədris ənənəvi formada bərpa olunur.

 

Doktoranturaya qəbul imtahanlarının nəticələri bu tarixdə bəlli olacaq

 

DİM sektor müdiri Xanlar Xanlarzadənin  verdiyi məlumatda bildirilib ki, xarici dil üzrə Fəlsəfə doktoru imtahanında IV blok yazı blokudur. Namizədlər bu hissədə esse yazmalıdırlar. Bu səbəbdən cavabların yoxlanılması bir qədər vaxt aparır. 1 həftə ərzində nəticələrin elan olunması gözlənilir.

 

Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

 

2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər.

 

Belə ki, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.

 

Fevralın 9-da Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanışlıq olub.


Tədbirdə təhsil naziri Emin Əmrullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

 

Təhsil naziri Emin Əmrullayev bildirib ki,  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb.

 

Təhsil naziri Şirvanda dərs prosesini izləyib

 

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Şirvan şəhərinə səfəri çərçivəsində pandemiya şəraitində tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə olub.

 

623 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

 

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

 

Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. 

 

Təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dekabr 2020-ci il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

 

Respublika fənn olimpiadalarına start verilib

 

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib.  

 

Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçirilir.

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları