https://www.zirve.edu.az/
13.01.2021 15:08
Koreya dili kurslarını uğurla bitirənlər sertifikata layiq görüldü  

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində yaradılan Xırdalan Kral Seconq İnstitutunda cari tədris ilinin sentyabr ayından start verilən Koreya dili kurslarına qatılan dinləyicilər kursu başa vurub.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, onlayn və ödənişsiz formada təşkil olunan kursları müvəffəqiyyətlə bitirən 78 nəfər dinləyici Kral Seconq İnstitutunun (King Sejong Institute) rəsmi sertifikatına layiq görülüb.

 

Dərslər onlayn formada 10 sentyabr - 30 dekabr (15 həftə) müddətində davam edib. Sertifikat dərslərin 70%-dən çoxunda iştirak edən və imtahan nəticəsi 60 baldan yüksək olan dinləyicilərə təqdim edilib. Sertifikat əldə edənlər onu gələcəkdə Koreyada təhsil almaq və ya işə düzəlməkdə istifadə edə biləcəklər. Bununla yanaşı, kursun növbəti mərhələsində təhsil almaq istədikdə sertifikat alanlara üstünlük veriləcək.

 

Xırdalan Kral Seconq İnstitutunun rəhbərliyi tərəfindən yeni təqvim ilinin fevral ayından başlayacaq Koreya dili kursuna onlayn sənəd qəbuluna da start verilib. Maraqlanan şəxslər 12-31 yanvar 2021-ci il tarixlərində https://forms.gle/c7GR4CtYpb8Z3Kwv6 linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 

Xırdalan Kral Seconq İnstitutunun fəaliyyəti və Koreya dilini öyrənənlər üçün maraqlı və faydalı məlumatlar təqdim olunan feysbuk (https://www.facebook.com/ksi.khirdalan) səhifəsində paylaşılır. İnstitut ilə əlaqələndirici şəxs isə İlahə Haqverdiyeva ([email protected])  təyin olunub.

 

Xatırladaq ki, BMU və Koreyanın İnha Universitetinin arasında 2020/2021-ci tədris ilindən icrasına başlanılan ikili diplom proqramı üzrə əməkdaşlığın digər istiqamətlərindən biri kimi Xırdalan Kral Seconq İnstitutu 2020-ci ilin iyul ayında yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Koreya dilinin və mədəniyyətinin öyrədilməsi, həmçinin müəllimlərin, tələbələrin hərtərəfli inteqrasiya olunmalarına kömək göstərməkdir.

 

Sertifikat əldə edən dinləyicilər növbəti mərhələdə təhsil almaq şansı qazanıblar