Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 22:42:00
AMEA-nın bu institutunda ciddi pozuntular aşkarlandı – Direktor işdən çıxarıldı

 

 

Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

 

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvləri, akademiklər - Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər.

 

AzEdu.az  AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri haqqında olub.

Məsələ ilə bağlı çıxış edən yoxlama komissiyasının sədri, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Böl­mə­sinin tərkibinə daxil olan Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kar­güzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsə­dilə 2020-ci ilin 17- 25 dekabr tarixlərində yoxlama aparılıb.

Onun sözlərinə görə, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunverciliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunveriliciyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

 

Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərovanın vəzifələrindən azad edilmələri haqqında qərar verilib. Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə, barələrində intizam tənbehi tətbiq edilib.

 

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.