Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-25 17:10:00
DİM imtahan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinə baxış keçirir

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 2021-ci il üçün imtahanlara hazırlıq tədbirləri çərçivəsində imtahanların keçirilməsi nəzərdə tutulmuş təhsil müəssisələrinin binalarına baxış keçirilir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, müəyyən olunmuş plan-qrafikə uyğun olaraq Bakı şəhəri də daxil olmaqla respublikanın bütün şəhər və rayonları üzrə 1000-dək təhsil müəssisəsinə baxış keçirilməsi nəzərdə tutulur. Hər bir imtahan binasının seçilməsi zamanı imtahan iştirakçıları üçün rahat olan mərkəzlərə uyğun olan dislokasiyalar müəyyənləşdirilir. Bu mərhələdə sxem-cədvəllər əsasında imtahan binalarının texniki pasportları yaradılacaq, mövcud məlumatların yenidən dəqiqləşdirilməsi aparılacaq, binaların və imtahan zallarının informasiya bazası hazırlanacaqdır.

 

Bundan başqa mövcud pandemiya vəziyyətinin davam edəcəyi təqdirdə təhlükəsizliyi təmin etmək məqsədilə imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində mövcud vəziyyət öyrənilir və bu istiqamətdə zəruri işlər görülür.