https://www.zirve.edu.az/
23.09.2020 12:10
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır  

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, müsabiqə ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır. Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı isheqebul.vet.edu.az elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müraciət üçün sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma üçün nəzərdə tutulub.

 

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir:

 

- 23 sentyabr – 1 oktyabr: Elektron müraciət mərhələsi

 

- 07 oktyabr – 17 oktyabr: Müsahibə mərhələsi

 

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var.

 

  1. Ümumtəhsil fənn müəllimi - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

 

  1. İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.

 

  1. İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) - Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik şəxslər iştirak edə bilər.

 

Qeyd edək ki, müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaq. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.