Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 16:57:00
Azərbaycan-Fransız Universitetinin bakalavr pilləsi üzrə qəbul imtahanının yekunları açıqlandı  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020-2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının yekunları açıqlanıb.

 

UFAZ-dan AzEdu.az-a verilən məlumata görə, sentyabrın 11-də bu ali məktəbdə 2020-2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə ənənəvi qaydada qəbul imtahanı keçirilib.

 

Sentyabrın 13-də ilkin nəticələr abituriyentlər ilə paylaşılıb və sentyabrın 17-də ümumi qəbul prosesi yekunlaşıb.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış abituriyentlərdən 372 nəfəri UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib və onlardan 366-sının namizədliyi təsdiq edilib. 2016-2017, 2017-2018, 2018-2019 və 2019-2020-ci tədris illəri üçün UFAZ-a qəbul imtahanlarında iştirak üçün müvafiq olaraq 310, 427, 523 və 497 abituriyent qeydiyyatdan keçib.

 

İmtahanda uğurlu nəticə əldə etmiş 146 nəfər 2020-2021-ci tədris ili üçün UFAZ-a qəbul olub. Əvvəlki illərdə UFAZ-a qəbul olmuş tələbələrin sayı müvafiq olaraq 142, 145, 141 və 139 nəfər olub. Yeni qəbul olunmuş abituriyentlərin 55 nəfəri qız, 91 nəfəri isə oğlandır.

 

UFAZ-a qəbul olan abituriyentlərin DİM üzrə orta balı 589.20 təşkil edib. (2016-cı ildə 585, 2017-ci ildə 590.5, 2018-ci ildə 620.6, 2019-cu ildə 602 bal olub). Onlardan 64 nəfərin balı 600-dən yüksəkdir.

 

Azərbaycan bölməsi üzrə qəbul olanların sayı 101, rus bölməsi üzrə isə 45 nəfərdir.

 

Xatırladaq ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. Tədris ingilis dilində yerli və əcnəbi müəllimlər tərəfindən aparılır.