Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 13:04:00
Son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib - Deputat  

Məlum olduğu kimi, dünya ölkələri aylardır yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İlk olaraq Çində baş qaldıran bu infeksiyanı mütəxəssislər haqlı olaraq “gözəgörünməz düşmən” adlandırırlar. Çünki yeni növ koronavirus infeksiyası təkcə insanların sağlamlığına təhlükə törətmir, eyni zamanda ölkələrin səhiyyə sisteminə və iqtisadiyyatına da zərbə vurur.

 

AzEdu.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycan pandemiyanın yaratdığı bütün çətinlikləri öz iqtisadi imkanları hesabına dəf edə bilir:

 

“Heç şübhəsiz, bu imkanları əldə etmək məhz düşünülmüş və məqsədyönlü siyasət, o cümlədən regionların sosial iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində mümkün olub. Sözügedən Dövlət proqramlarının icrası istiqamətində eyni zamanda şəhər və rayonlarda yeni məktəb binaları inşa edilib, yaxud əsaslı təmir edilib və bu iş davamlı xarakter daşıyır. Yəni, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib”.

 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində də bu məqama toxunulub: “Cənab Prezidentin həmin müraciətində qeyd olunub ki, yeni dərs ili yeni formatda təşkil edilib. Bunun əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır. Bu müraciətdən də göründüyü kimi, dövlətimiz üçün əsas prioritet vətəndaşların sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır ki, yeni dərs ilinin başlanması zamanı da bu məqam xüsusi olaraq nəzərə alınıb”.

 

Digər tərəfdən yuxarıda da vurğuladığım kimi, Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib. Dövlət başçısının məlum müraciətində də bildirildiyi kimi pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb.

 

Konkret olaraq məktəb tikintisinə gəlincə bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilib. Ümumiyyətlə, son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib”.

 

Deputat deyib ki, eyni zamanda son bir neçə il ərzində ölkəmizdə modul tipli məktəblərin də tikintisi böyük vüsət alıb: “ Ümumiyyətlə vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Bu il isə modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Eyni zamanda ali məktəblərin binalarının da əsaslı təmir olunması, yeni korpusların tikintisi işləri davam etdirilir”.

 

2020-ci ildə də ümumilikdə 147 məktəbin tikintisinin nəzərdə tutulduğunu deyən V.İskəndərovun sözlərinə görə, onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib: “Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq 17 ildir ki, bu sahədə çox böyük işlər görür. Bu baxımdan, Fondun reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi vurğulamaq lazımdır. Məhz bu proqram çərçivəsində respublikamızın rayon və şəhərlərində yeni məktəb binaları tikilib istifadəyə verilib, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazası yaxşılaşdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir”.