Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-03 17:49:00
İkinci qrup üzrə Respublika birincisi: “Universitet seçimim UNEC olacaq”

 

 AzEdu.az DİM tərəfindən təşkil olunan qəbul imtahanında yüksək bal toplayan abituriyentlərlə silsilə yazıları davam etdirir.

 

Qəbul imtahanında 688.400 toplayan II ixtisas qrupu üzrə Respublika birincisi Murad Mustafazadənin imtahan təəssüratlarını çatdırırıq:

 

“Ənənəvi dərslərdə məsuliyyət hissi yüksək olurdu”

 

“Pandemiya şəraiti təhsil sistemində müəyyən problemlər yaratdı. Müəllimlərlə üz-üzə görüşmə imkanı olmadığı üçün dərslərin keyfiyyətində dəyişikliklər oldu. Bütün hazırlıqlar onlayn qaydada aparıldı. Ənənəvi dərslərdə müəllimlərlə canlı təmas olduğu üçün məsuliyyət hissi yüksək olurdu. Onlayn dərslərdə isə bir qədər bu hiss zəifləyir.  Buna baxmayaraq müəllimlərim bu şəraitdə də dərsləri kompensasiya edə bildilər.

 

Buraxılış imtahanında diqqətsizlikdən yaranan səhvimə görə özümə söz vermişdim ki ikinci mərhələdə maksimum balı toplayıb Respublika birincisi olacağam”.

 

Murad hazırlıq dönəmində valideynlərindən gördüyü dəstəyi xüsusi vurğuladı:

 

“Universitet hazırlığına başlayandan valideynlərim mənə dəstək oldular. Bu uğurda onların payı danılmazdır. Həmçinin məktəb və məşğələ müəllimlərimə də təşəkkür edirəm”.

 Vunderkid abituriyent sualların çətinlik səviyyəsindən və ixtisas seçimindən də danışdı:

 “Builki imtahanda tarix fənnindən suallar nisbətən asan, coğrafiyadan isə çətin salınmışdı deyə düşünürəm. Bu mənim subyektiv fikrimdir.

Universitet seçimim UNEC olacaq. Bu universitetdə Maliyyə ixtisasına daxil olmağı düşünürəm”.

 

Murad düşünür ki, uğurlu nəticə əldə etmək istəyən abituriyent bunlara əməl etməlidir:

 

“Universitetə hazırlaşan abituriyentlər özləri üçün gündəlik plan qurmalı və planı məsuliyyətlə yerinə yetirməlidirlər. Həddindən artıq oxumaqdansa, 2 dəfə oxuyub bunu test üzərində tətbiq etməkdə fayda var”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları