Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 16:46:00
“İnternet provayderləri pandemiya şəraitini nəzərə alaraq qiymətlərə yenidən baxmalıdır”- Deputatdan təklif  

 

"Məlum olduğu kimi, mövcud durumda yaranmış şərait nəzərə alınaraq, dərslərin hansı formada keçirilməsi ilə bağlı Təhsil Nazirliyi öz mövqeyini ötən həftə açıqladı. Qarşıdan gələn tədris ilində dərslərin həm ənənəvi, həm də onlayn formada keçirilməsi nəzərdə tutulur.

Hazırda əsas məsələ təhsilalanların dərslərdə iştirakını maksimum təmin etməkdir. Bu vəziyyətdə tədrisin təşkili üçün texnoloji platforma, avadanlıqlar və təbii ki, uyğun internet paketlərinin mövcudluğu vacibdir. Ölkəmizdə internet provayderləri və mobil internet xidməti təqdim edən operatorlar nə dərəcədə uyğun qiymətə öz xidmətlərini təklif edirlər?"

AzEdu.az-ın məlumatına görə, bu fikirləri deputat Ceyhun Məmmədov bildirib.  O, internet provayderlərin pandemiya şəraitini nəzərə alaraq güzəştli təkliflər paketi irəli sürməli olduqlarını vurğulayıb:

 

"Təxminən,  mart ayından başlayan onlayn dərslər bu sahədə çətinliyin mövcudluğu məsələsini ortaya çıxardı. Müşahidələr göstərdi ki, bu sahədə mövcud olan problemlər tədrisin təşkilinə, keyfiyyətinə təsir göstərir. İstər orta, istər ali məktəblərdə çox sayda şagird və tələbələr məhz bu problemlərə görə dərslərə qoşula bilmədilər. Nəzərə alsaq ki, bəzən bir ailədən 2 və daha çox uşaq dərslərə qoşulmalı olur, bu da təbii ki, valideynlər üçün müəyyən problemlər yaradır. Xüsusilə aztəminatlı ailələrdə bu problemlər qabarıq şəkildə özünü büruzə verir. Hesab edirəm ki, mövcud şəraitdə internet provayderləri məsələnin aktuallığını, vacibliyini nəzərə alıb qiymətlərə yenidən nəzər sala bilərlər. Bunun üçün müəyyən təkliflər verilməlidir. Onlayn dərslərin keçirilməsi üçün xüsusi və güzəştli paketlərin təklif olunması, təhsilalanların müəyyən limit çərçivəsində pulsuz internetlə təmin edilməsi, keyfiyyətin artırılması və s. bu kimi istiqamətlərdə mövcud şəraitdə tədrisin təşkilini təmin etmək olar".

Ceyhun Məmmədov xüsusilə bölgələrdə yaşayan şagirdlərimizin internet probleminin olduğunu və təhsil müəssisələrinin bu istiqamətdə tədbirlər görməsi gərəkdiyini qeyd edib:

"Onlayn dərslərin təşkili məsələsi üçün internet resurslarının əlçatan olması vacib məsələlərdəndir. Dağlıq ərazilərdə yaşayan şagird və tələbələr üçün də müəyyən mexanizm hazırlanmalıdır. Bəllidir ki, bu ərazilərdə internetin əlçatanlığı hələ də tam təmin olunmayıb. Bəzi ərazilərdə isə, internetin surəti həddindən artıq zəifdır. Qiymət məsələsi ilə yanaşı, bu nüanslara da diqqət yetirmək lazımdır. Təhsilalanların mövcud elektron tədris resurslarına çıxışının təmin olunması istiqamətində təhsil müəssisələri özləri də müəyyən tədbirlər həyata keçirməlidir. Müasir dövrün və mövcud şəraitin tələblərini nəzərə alaraq, ölkəmizdə internet qiymətlərinə və təkliflərinə yenidən baxılmasını məqsədəuyğun hesab edirəm. Belə olduğu təqdirdə onlayn təhsildə istədiyimiz nəticəni əldə etmək mümkün olacaq".

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları