Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 17:17:00
ADMİU-nun iştirakı ilə “Onlayn teatr” adlı beynəlxalq virtual elmi konfrans keçirilib

11 may 2020-ci il tarixində Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə “Onlayn teatr” adlı beynəlxalq virtual elmi konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar sosial təcridolunma şəraitində fəaliyyət göstərən dünya teatrının aktual problemlərinə həsr olunan konfransda Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Rusiya, Bolqarıstan, Polşa, Belarus, İran, Pakistan, Meksika, Ukrayna, Türkiyə, Qırğızıstan və Özbəkistandan 60-dan artıq teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəsssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqları, həmçinin bir neçə tələbə iştirak edib. Birinci - ingilisdilli seksiyada 44, ikinci – rusdilli seksiyada 55 nəfər iştirak edib.  

 

Konfransı giriş sözü ilə açan Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov tədbir iştirakçılarını salamlayaraq, ötən ilin sonlarında yaranmış Beynəlxalq Teatr Tənqidçiləri Birliyi və təşkilatın həyata keçirdiyi müxtəlif beynəxalq və lokal layihələr haqqında məlumat verib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin də əməkdaşlıq etdiyi maraqlı diskussiya şəraitində keçən konfransda həmçinin, universitetin müəllimləri Teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, həmçinin dissertant Tərlan Rəsulov məruzələrlə çıxış ediblər.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA Memarlıq və İncəsənət İnstitutu, T.Jurgenev adına Qazaxıstan Milli İncəsənət Akademiyası, AMEA M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film Universiteti və Gürcüstan Müasir Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı, Teatro.az, Theatrelife.ge, Oner.kz saytlarının informasiya dəstəyi ilə baş tutan konfrans virtual məkanda geniş əks-səda doğurub.