https://www.zirve.edu.az/
12.07.2020 14:38
Distant təhsilin inkişafı üçün bunlar edilməlidir-Məsul katib
Çap et

“Ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində geri qalırlar”.


Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.


O, universitetlərin onlayn tədrisə nə dərəcədə hazır olmasından söz açıb.


“Distant təhsil hazırki dövrdə universitetlər üçün yeni üfüqlər açır. Ali təhsil müəssisələri distant təhsilə bağlı işlər ortaya qoyacaqlar, çünki digər alternativlər yoxdur.


Bu formada təhsili vermək üçün xeyli təkmilləşdirmələr aparmalıdır. İlk olaraq, müəllim hazırlığına önəm verməlidir. Universitetlərin maddi-texniki bazaları bu prosesə hazır olmalıdır. İnkişaf etmiş ölkələrin tətbiq etdiyi formada distant təhsil sistemi yaradılmalıdır. Azərbaycan reallığında bu mümkündü, yetər ki, ali təhsil müəssisələrimizin rəhbərlərinin bununla bağlı məqsədləri olsun”.


İlqar Orucov dünya ilə müqayisədə bizdə distant təhsilin yüksək səviyyədə inkişaf etmədiyini deyib.


“Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar. Onlar dünyanın tətbiq edib, bəhrələndiyi bu təhsil növündən kənarda olublar. Bunu nə dərəcədə qısa müddətdə təşkil olunacağını deyə bilmərəm, lakin universitetlərimiz öz profillərinə uyğun müxtəlif dövlətlərin ali təhsil müəssisələrinin bu istiqamətdə təcrübələrini tətbiq etməlidilər. Çünki distant təhsil dünyada tətbiq olunan növlərdən biridir və burada yeni nəsə kəşf etməyə ehtiyac yoxdu. Sadəcə qabaqcıl universitetlərin bu istiqamətdə olan təcrübələrindən yararlanmaq lazımdı. Amma burada əsas çətinliklərdən biri ondan ibarətdir ki, tələbələri və müəllimləri bu dönəmdə proseslərə cəlb edə bilək. Bu, tələbələr üçün çox çətin olmayacaq. Çünki yeni nəsil müasir texnologiyaları daha tez və çevik istifadə edə bilir. Tələbə gənclərimizin böyük əksəriyyətində ən müasir mobil cihazlar var. Amma onlar doğru və təhsil məqsədləri üçün istifadə edilməlidir. Ümid edirəm ki, müəllimlərimiz də yeni texnologiyaları mənimsəyəcəklər. Bunun başqa yolu yoxdur. Çünki bizi nə gözləyir heç kim bilmir”.


Qeyd edək ki, aprel ayından etibarən bir çox universitetlər tədris prosesini onlayn davam etdirir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları