https://www.zirve.edu.az/
19.05.2020 12:19
Sertifikasiya imtahanında daha nələr olacaq? - Suallar belə qiymətləndiriləcək
Çap et

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilən sertifikatlaşdırma test və müsahibədən iki mərhələdə və videoçəkiliş təmin edilməklə təşkil olunur. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.

 

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

 

Qərarda bildirilir ki, sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və 120 dəqiqə vaxt ayrılır. Hər suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

 

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılır.