Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 17:03:00
Sənəd qəbulu zamanı nələrə əməl etmək lazımdır ? – Ekspert vacib məsələlərə aydınlıq gətirdi

AzEdu.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi ali məktəblərə ərizə qəbulu zamanı namizədləri narahat edən bütün suallara aydınlıq gətirib:

 

“Sabah ali məktəblərə ərizə qəbulu başlanır. Proses 5 iyun saat 23:59-da başa çatacaq. Əgər qeydiyyat zamanı gecikənlər olarsa, o zaman əlavə müddət də artırıla bilər.

 

Ərizə qəbulu istər cari ilin, istərsə də əvvəlki illərin məzunlarına aiddir (Qeyd edim ki, 2012-ci ildən bu ilədək kollecləri bitirən subbakalavrların məhz bu ərizə qəbulunda iştirak edib-etməmələrinə aydınlıq sabah gələcək. Sabah onlar iştirak edə bilməsə, qarşıdakı aylarda onların qeydiyyatı üçün də imkan yaradılacaq).
Nəzərinizə çatdırım ki, ərizə qəbulu zamanı namizədlər aşağıdakılara əməl etməlidirlər:

 

- Dövlət İmtahan Mərkəzinin saytında http://ekabinet.dim.gov.az/ bölümündə şəxsi kabinet yaratmalıdırlar.

 

Şəxsi kabineti yaratmaq üçün abituriyentlər qeydiyyat hissəsində şəxsiyyət vəsiqələrinin FİN kodunu və seriya nömrəsini tələb olunan sahələrə daxil etməldirlər.

 

Bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan abituriyentlər sənədin seriyası bölümündə - (tire) işarəsini seçməli və sənədin nömrəsi bölümündə AA12345678, FİN kodu bölümündə isə hərf və rəqəm kombinasiyası olan 7 rəqəmli şifrəni (məsələn: 76YTGDY) qeyd etməlidirlər.

 

Bundan sonra isə şəxsi kabinet yarat bölümünə keçid etməlidirlər. Açılan pəncərədə qeydiyyatda olduqları və ya faktiki yaşadıqları ünvanı qeyd etməli, daha sonra mobil əlaqə nömrəsini tələb olunan sahəyə daxil etməlidirlər.

 

Bu prosesin ardınca isə parol təyin etməlidirlər. Parol təyin edərkən, daha çox yaddaşlarında saxlaya biləcək parol təyin etmələri tövsiyə olunur.

 

Parolu tələb olunan hər iki sahəyə təyin etdikdən sonra şəxsi kabinetə keçid etməlidirlər. Bu zaman onların qeyd etdikləri mobil əlaqə nömrəsinə DİM tərəfindən 6 rəqəmli şifrə göndərilir. Həmin şifrəni tələb olunan sahəyə daxil edərək, qeydiyyatı tamamlayır və açılan pəncərinin aşağı hissəsində "şəxsi kabinetə keçid et" hissəsinə klikləyərək daxil olurlar.

 

- Şəxsi kabinet yaradıldıqdan sonra yenidən Dövlət İmtahan Mərkəzinin saytında Abituriyentin ərizə qəbulu bölümündə https://eservices.dim.gov.az/erizebak/Qrup5_OI/?frm=egov 

 

(qeyd edim ki, link hələ aktiv deyil) qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyat zamanı tələb olunan sahələrə yaratmış olduqları şəxsi kabinetin istifadəçi adını (Ş/V-nin FİN kodunu) və parolunu (özləri təyin etdikləri) daxil edirlər və açılan pəncərədə qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı hər bir abituriyent I,II,III və IV ixtisas qrupları ilə yanaşı, V ixtisas qrupunu, eyni zamanda da 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirakını təmin etmək üçün seçim edə bilər.

 

Qeyd edim ki, bu prosesləri həyata keçirən cari ilin məzunlarından ödəniş tələb olunmur. Əvvəlki illərin məzunları isə bu proseslər üçün 40 AZN ödəniş etmiş olacaqlar. Ödənişi ödəmək üçün məbləğ şəxsi kabinetə daxil edilməlidir. Bunun üçün bank kartları və ya ASAN pay ilə ödəniş etmək olar.

 

- Qeydiyyat zamanı başqa xarici dildən imtahan verməli olan namizədlər bunu dil seçimi bölümündə qeyd etməlidirlər.

 

Bütün proses başa çatdıqdan sonra ərizə yadda saxlanılır və hər bir sahə düzgün informasiya ilə doldurulduğu halda təsdiq olunur”.