https://www.zirve.edu.az/
04.05.2020 15:48
BDU-nun Elmi Kitabxanasının direktoru onlayn vebinarda iştirak edib
Çap et

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinarda iştirak edib.

 

AzEdu.az  xəbər verir ki,  Azərbaycanda fəaliyyət göstərən 30-dan çox ali məktəb kitabxanasının rəhbərlərinin və kitabxana mütəxəssisinin qatıldığı vebinarda pandemiya dövründə kitabxanaların fəaliyyəti,  qarşıya çıxan problemlər və onların həlli yollarından, karantin günlərində oxucu tələbatlarının onlayn ödənilməsi, açıq məlumat bazalarından istifadə, kitabxanalararası sənəd mübadiləsi və müəlliflik hüquqları kimi mövzular müzakirə olunub.

 

N.İsmayılova Elmi Kitabxananın fəaliyyətindən bəhs edərək sosial izolyasiya dövründə BDU-da aprelin 1-dən etibarən ümumilikdə 16 minə yaxın tələbə və 1500-ə yaxın müəllimin “Microsoft Teams” platforması üzərindən onlayn dərsləri davam etdirdiyini vurğulayıb. Bu dövr ərzində professor-müəllim heyəti və tələbələrə Elmi Kitabxananın elektron kitabxana bölməsi vasitəsilə 4000-ə yaxın tammətnli dərslik və dərs vəsaiti, 1300-dən çox bədii ədəbiyyat nümunələri təqdim edilib.

 

Onlayn xidmət, pandemiya dövründə ali təhsil müəssisələrində həyata keçirilən distant təhsilin informasiya resurs təminatı məsələləri, oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlər, elektron resurslar, beynəlxalq məlumat bazaları haqqında məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Onlayn vebinar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.