https://www.zirve.edu.az/
19.03.2020 14:19
Massaçusetsdə onlayn oxuyan  təhsil mütəxəssisimizdən çox faydalı təkliflər - "Distant forma çətindir, lakin..."
Çap et

 

              

Bütün dünyanı öz təsiri altına salan koronavirusa görə bir çox ölkədə olduğu kimi Azərbaycanda da məktəb və universitetlərdə tətil elan edilib, distant təhsil imkanlarına sahib olan bəzi universitetlərdə isə tədris onlayn şəkildə davam etdirilir.

 

 

Ancaq bildiyimiz kimi xarici ölkələrin ali təhsil müəssisələrində distant formada təhsil alaraq məzun olmuş şəxslərin diplomları ölkəmizdə tanınmır. Belə bir hal isə bir çox tələbənin diplomunun əlində qalması, aldığı təhsilin əhəmiyyətsiz olması ilə nəticələnir.

 

 

Bəs bu problemi necə həll etmək olar ?

 

 

Hazırda İnlküziv Təhsil Kurikulumunun hazırlanması üzrə mütəxəssis olaraq çalışan, ABŞ-ın Sirakuz Universitetində “İnlüziv Tədris və Kurikulum Dizaynı” ixtisası üzrə magistr təhsili almış Elnarə Məmmədova AzEdu.az-a açıqlamasında bu məsələnin həlli ilə bağlı alternativ yolların olduğunu vurğulayıb:

 

 

“Məncə, dövlətin “e-təhsil”i qəbul etməməsini demək, təhsil almaq istəyən tələbələrin düşdüyü çətin vəziyyətin çözülməsi üçün yetərli deyil. Hökumət qəbul etmədiyini bildirirsə, bunun qarşılığı olaraq alternativlər təklif edilməlidir. Ali təhsil almağa həvəsli olan, lakin maddi durumun aşağı olması və zaman qıtlığından bunu dövlətin tam istədiyi kimi edə bilməyən tələbələrin təhsilə olan marağı dəyərləndirilməli və onlara bu vəziyyəti düzəltmək üçün yollar göstərilməlidir.

 

 

Son dövrlər dünyada sürətlə yayılan koronavirus səbəbindən minlərlə tədris ocağı bağlandı. Belə olan halda onlayn tədris insanların təhsilini davam etdirməsi üçün ən münasib alternativdir. Bu səbəbdən mən fikirləşirəm ki,  xaricdə onlayn təhsili qəbul etməməsi məsələsindəki arqumentlər yenidən gözdən keçirilməli və dəyərləndirilməlidir. Bunun üçün təkliflərim bunlardır:

 

 

Azərbaycanlı tələbələrin distant təhsilə niyə bu qədər maraq göstərməsinin səbəbləri araşdırılmalı, bu sahədəki boşluqların nə olduğu müəyyənləşdirilməli və bu boşluğu doldurmaq üçün alternativlər haqqında fikirləşib bir dizayn ortaya qoymaqla tələbələrə dəstək olmaq olar. Bildiyim qədərilə Azərbaycanda ixtisasların təkmilləşdirilməsi üçün Təhsil Nazirliyinin dəstəyi ilə Avropa Birliyinin https://www.rdi.edu.az layihəsi çərçivəsində 5 e-kurs hazırlanıb. Bunların azərbaycanlı tələbələrin elmi ehtiyaclarına əsasən hazırlandığına inanıram və düşünürəm ki, bu başlanğıc üçün çox yaxşı addımdır;

 

Onlayn təhsili qəbul edilən univeristetlərin siyahısnı yenidən nəzərdən keçirməli və tələbləri dəqiqləşdirilməlidir:

 

Məsələn, mən hazırda Massaçusets Texnologiya İnstitutunda data analizi haqqında semestr boyu davam edən onlayn dərs alıram. Dərslər o qədər çətindir ki, imtahanları keçmək üçün günlərlə əlavə kitablar və araşdırmalar oxumalı oluram. Yəni bəziləri üçün onlayn dərs asan görünə bilər, amma bu universitet və professorlara görə dəyişir. Əgər sizin professorunuz İqtisadiyyat üzrə Nobel mükafatı alan bir professordursa, bu dərsin asan olması, mənə görə ancaq xəyal ola bilər. Bunu əsas tutaraq, düşünürəm ki, nazirlik onlayn əldə olunan diplomları təqdim edən universitet siyahısını yenidən nəzərdən keçirməlidir.

 

Bir çox universitetin dünya çapında qəbul edilən onlayn sertifikat proqramları var. Nazirlik bunlara da diqqət ayırmalı və bu sertifikatları tanımaq üçün bir təlimat hazırlamalıdır.



Bunlar mənim çox qısa etdiyim araşdırmalara əsasən gəldiyim nəticədir. Amma bu sahədə təhsil üzrə çalışan QHT-lər də təhlillər aparıb, səbəbləri analiz etməli və nəticələr əsasında hökumətə maraqlı təkliflər verə bilər”.