https://www.zirve.edu.az/
18.02.2020 10:47
Şagirdlərimizdən  dünyada hadisə sayılacaq icad – “Ağıllı əlcək” tibdə nəyi dəyişəcək?
Çap et

 

 “Hazırda dünyada 7 milyarddan çox insan yaşayır. Bu insanların təxminən 70 milyonu danışma və eşitmə əngəllidir. Bu da o deməkdir ki, həmin insanlar iş tapmaqda və yaxud digər insanlarla ünsiyysət qurmaqda çətinlik çəkirlər. Bir-birilə ünsiyyət qurmaq üçün işarə dilindən istifadə edirlər. Biz də bu problemi həll etmək,  artıq onların öyrəşdiyi ünsiyyət metodunu dəyişmədən digər insanlarla da əlaqə qura bilmələri üçün bir cihaz hazırlamağı düşündük”.

Bu sözləri “Hədəf”  STEM Liseyinin robottexnika müəllimi Eşqin Quluzadə “Ağıllı əlcək” layihəsi haqqında AzEdu.az-la söhbəti zamanı deyib. 

O, 9-cu sinif şagirdləri Aqşin Əhmədli və Xaliq Cəbrayilin birlikdə hazırladığı layihənin elmi rəhbəri olub.  Layihə “Sabahın Alimləri” IX Respublika müsabiqəsində mühəndislik kateqoriyası üzrə ikinci yerə layiq görülüb.

Eşqin müəllim layihənin mahiyyəti haqqında məlumat verib:

“Hazırlanan cihaz əlcəklərdən ibarətdir. Təklif edilən layihədəki əsas məqsədimiz danışma əngəlli insanların digər insanlarla asanlıqla əlaqə qura bilməsi üçün işarə dilini səsə və yazıya çevirən ağıllı əlcəklər təqdim etməkdir. Hazırladığımız əlcəkləri danışma əngəlli insan geyinir. Həmin insan işarət dili ilə bizlərlə söhbətə başlayanda əlcəkdəki sensorlar kontrollerə məlumat göndərir və bu məlumat əsasında yazdığımız proqram vasitəsilə işarə dilini bizim başa düşə biləcəyimiz dilə çevirir. Əlcək hələki sözləri yalnız mətn şəklində ekranda əks etdirir. Ancaq biz cihazı daha da təkmilləşdirib işarə dilini səsə çevirəcəyik. Danışma əngəlli insan işarə dili vasitəsilə qarşı tərəflə əlaqə quran zaman onun göstərdiyi jestlər birbaşa səsə çevriləcək və daha aydın başa düşüləcək”.

Layihənin müəllifi  IX sinif şagirdi Aqşin Əhmədli bu ideyanın necə yaranmasından danışıb:

“Mən daha çox əngəlli insanların həyatlarını asanlaşdırmaq üçün araşdırmalar edirdim və öyrəndim ki,  70 milyona yaxın danışma əngəlli insan var. Mən də həmin insanların gündəlik problemlərini araşdırmağa başladım.  Öyrəndim ki, onların əsas problemi gündəlik həyatda özlərini ifadə etməkdir.  Onların problemlərini daha yaxşı öyrənmək üçün danışıq bacarığını itirən insanlarla görüşmək qərarına gəldim. Bir nəfər belə insanla isə təsadüfən qarşılaşdım - ayaqqabı təmir edən danışma əngəlli birisi idi -  əvvəlcə  onun danışmadığını bilmirdim, o mənimlə işarət dili vasitəsilə ünsiyyət qurmağa başladı.  Lakin mən o dili anlamadığım üçün onunla ünsiyyət qura bilmədim.  Daha sonra bu haqda komanda yoldaşım Xaliq Cəbrayıl və Eşqin müəllimlə danışdım. Uzun müzakirələr və nəzəri dəyişiklikdən sonra belə bir cihaz yaratmaq qərarına gəldik.  İlk hazırladığımız cihaz çox da ürəkaçan deyildi və üzərində xeyli dəyişiklər etdik”.

O qeyd edir ki, müəllimin məsləhəti ilə “Sabahın alimləri” müsabiqəsinə qatılıb və bununla öz layihəsini inkişaf etdirməyə nail olub:

“ Bu müsabiqəyə qatılmağı Eşqin müəllim məsləhət gördü. Biz yarışma haqqında məlumatlı deyildik.  İlk dəfə bu qədər uğur qazanacağımızı təxmin etmirdim. Çünki sadəcə ətrafdakı insanların fikirlərini öyrənə bilirdim. Lakin müsabiqəyə qatıldıqdan sonra başqa insanların fikirlərini, məsləhətlərini dinlədim. Əslində bizim başımıza son dəqiqələrdə bir uğursuzluq gəldi.  Cihazın üzərinə yerləşdirəcəyimiz flex(əyilmə sensoru) gözlədiyimizdən daha da həssas olduğuna görə xəsarət aldı.   Müsabiqəyə bir gün qalmışdı, fikirləşdik ki, bu problemi necə həll edək.  Sonunda “konktakt” adlandırdığımız toxunma ilə sözləri tanıyan bir metod tapdıq.  Layihə üzərində 2-3 ay çalışmışdıq. Sonradan yaranan problemlərə görə isə bir gün boyunca  səhər-axşam çalışmaq lazım oldu”.

Aqşin bildirib ki, layihənin üzərində dəyişikliklər edərək  mart ayında Türkiyədə keçiriləcək  “Türk dünyası bilim” müsabiqəsinə təqdim edəcəklər:

“Hələ ki, cihaz sözləri səsləndirə bilmir,sadəcə yazılı olaraq təqdim edir.  Dəyişiklik olunan versiyada isə sözləri səsli olaraq səsləndirəcək, həm də daha yaddaşa daha çox söz ehtiyatı yazılacaq.  Mənə görə önəmli olan hər iki əl üçün əlcəyin olmasıdır.  Məqsədimiz türk ölkələri arasında keçirilən yarışmada da uğur qazanmaqdır”.

O, həmçinin öz maraqlarını, gələcək hədəflərini də AzEdu.az-la bölüşüb:

“Texnologiya ilə  daha çox maraqlanıram  və bununla məşğul olmağı sevirəm.  Əvvəl robotlar haqqında heç bir məlumatım yox idi.  Sadəcə uşaqlıqdan maraqlı əl işləri ilə məşğul olmağı sevirdim.  “Hədəf”  liseyinə gələndən sonra elektrikə marağım olduğunu anladım.  İnternetdə araşdırmalar edərək sadə, ilkin bilikləri öyrəndim. Anlamadığım şeyləri müəllimlərimdən soruşurdum və bəzən dərsdən sonra liseydə qalıb elektrik üzərində işləyirdim.  Bütün bunlar dərslərimin bəzilərinə müsbət təsir edirdi.  Onsuz da robotexnikanı əmələ gətirən 3 əsas fənn var.  Ən əsas fizikadır. Bəzən başa düşmədiyim mövzuları fizika dərsində daha yaxşı anlayıram.  Riyaziyyatla isə 7-ci sinifdən sonra maraqlanmağa başladım və  bu fənni sevdim.   Gələcəkdə təhsilimi Türkiyənin Yıldız Texnik Universitetində robottexnika mühəndisliyi üzrə davam etdirmək istəyirəm”.

“ Bu layihə vasitəsilə çalışmağın həqiqətən də bir gün bəhrə verəcəyini öyrəndim. Bəzən bir gün tamamilə boş-boşuna işlədiyim oldu.  Ancaq əslində onun boşuna olmadığını mənə səhvlərin nələr öyrədə biləcəyini indi daha yaxşı başa düşürəm”- deyə “Sabahın alimləri” müsabiqəsinin finalçısı A. Əhmədli sözlərinə əlavə edib.