Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 17:32:00
Akademik Ramiz Mehdiyev Rusiya Prezidentinin nümayəndəsi ilə görüşüb

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

AzEdu.az xəbər verir ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasında əsasən müstəqillik illərində bütün sahələrdə geniş və əhatəli əməkdaşlıq münasibətlərinin yaradıldığını xatırladıb, xüsusilə elm sahəsində iki ölkə arasındakı mövcud elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Son aylarda AMEA-da aparılan quruculuq işləri və islahatlar, eləcə də müstəqillik dövrünün meydana çıxardığı yeni elmi istiqamətlər, perspektivlər barədə danışan akademik Ramiz Mehdiyev fundamental və tətbiqi elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində beynəlxalq elmi qurumlarla səmərəli əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb. Rusiya arxivlərində, xüsusilə Sankt-Peterburqda Azərbaycana aid çoxsaylı əlyazmaların, kitab və qəzetlərin mövcudluğunu əsas gətirən akademiya rəhbəri bu yaxınlarda Azərbaycan alimlərinin həmin muzeylərə ezam olunacağına dair qərar verildiyini diqqətə çatdırıb.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanla Rusiya arasında mövcud olan dərin tarixi bağlılığı xatırladıb, təmsil etdiyi ölkə tərəfindən ikitərəfli əlaqələrə böyük diqqət yetirildiyini vurğulayıb. Rusiya Elmlər Akademiyası, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı tədqiqatlardan söz açan Mixail Şvıdkoy bir sıra elmi-tədqiqat müəssisələri və universitetlərin yeni elmi istiqamətləri barədə danışıb. Qarşılıqlı elmi əlaqələrin səmərəliliyinə diqqət yönəldən rəsmi qonaq Rusiyanın elmi-tədqiqat müəssisələrində, o cümlədən arxivlərdə azərbaycanlı alim və mütəxəssislər üçün hər cür şəraitin yaradılacağını diqqətə çatdırıb.

Azərbaycanla Rusiya arasında bir sıra müştərək elmi əməkdaşlıq məsələlərini müzakirə edən tərəflər iki ölkə arasında mövcud əlaqələrin genişləndirilərək yeni perspektiv tədqiqat və layihələrlə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.