https://www.zirve.edu.az/
05.02.2020 09:49
Azərbaycanda tam fərqli şagird kontingenti yetişdirəcək təhsil layihəsi – Əsrin tələbi

 

 “STEAM-ın yaradılmasında əsas məqsəd qlobal çağırışlara cavab vermək, elm və texnologiyaları inkişaf etdirməkdir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında STEAM Azərbaycan layihəsinin koordinatoru İqrar Nəzərov deyib.

O, layihənin Azərbaycanda tətbiq olunmasıdan danışıb.

“STEAM elm, texnologiya,  incəsənət, riyaziyyat və mühəndisliyin inteqrasiya olunan tədris prosesidir. Bu təhsil metodunda dərslər praktik formada həyata keçirilir.

STEM-in yaradılmasında əsas məqsəd qlobal çağırışlara cavab vermək, elm və texnologiyaları inkişaf etdirməkdir. Hazırda bizi əhatə edən mühitdə elm və texniki tərəqqinin inkişaf  səviyyəsi ilə  tədris arasında zidiyyət özünü göstərir. Hazırda hamı ağıllı telefonlardan istifadə edir, lakin onların heç biri tədris prosesində tətbiq olunmur. Məsələnin sosial-psixoloji tərəfi ondan ibarətdir ki, insanlar elmi-texniki tərəqqinin son  nailiyyətlərindən yararlanırlar. Artıq onlar arasında ünsiyyət texnologiyalar vasitəsi ilə tətbiq olunur. İnsan və texnologiya arasında ünsiyyəti qırmaq yox, onları birləşdirmək, texnoloji yenilikləri inteqrasiya edərək onları tədris prosesinə tətbiq etmək lazımdır. Ənənəvi tədris metodunu müasir texnoloji yeniliklərlə əlaqələndirmək vacibdir. STEAM milli kurikulumdan doğan bütün tədris resurslarını  şagirdə çatdırmaq üçün vasitədir.

STEAM-da “A” hərfi ingiliscə “art” - incəsənəti təmsil edir. Çünki texnologiyanın inkişafı incəsənətsiz mümkün deyil. Onlar hər zaman bir yerdə addımlayırlar. İnsanlar bir məhsul alarkən onun xarici quruluşuna fikir verirlər. Ona görə də incəsənət mütləq tədris prosesində tətbiq edilməlidir. Dünya trendləri də onun tətbiqini vacib sayır”.

STEAM  haqqında qısa məlumat verən müsahib daha sonra onun yayılması və Azərbaycana “gəlişi”nə də toxunub:  

 

“STEAM layihəsinin tətbiqinə 2018-2019-cu tədris ilindən start verilib. 100-dən artıq müəllim İsraildə STEAM-ın tətbiqi ilə bağlı təlimlər keçib. Bu müəllimlər Bakı və regionlar olmaqla bir çox yerlərdən seçiliblər. Eyni zamanda 10 məktəb direktoru da İsraildə təlim keçərək, STEAM-ın tətbiq istiqamətlərini öyrəniblər. 2020-ci ildə yenə 20 məktəb direktoru təlim keçməyə İsrailə yollanılıb. Bu metodikanın mənimsənilməsi üçün 25 müəllim Türkiyədə olub. Onlar Bağçaşehir Universitetində və liseylərində təlimlərdə iştirak ediblər. Artıq Bakıda 42 məktəbdə STEAM layihəsi tətbiq olunub. Layihə 6000-dən çox şagirdi və 41 dövlət, 1 özəl məktəbi əhatə edir. Planlarımız ondan ibarətdir ki, növbəti illərdə məktəblərin sayı 100-ün üzərində olsun və layihə region məktəblərini də əhatə etsin. STEAM tədris üsulu ilə təhsil alan şagirdlərin sayını da 20 minə çatdırmağı planlayırıq.

“STEAM Azərbaycan” Təhsil İnstitutunun layihəsidir. Təhsil Texnologiyaları Mərkəzində biz “STEAM Azərbaycan Mərkəzini” formalaşdırdıq. Burada yeni yanaşma və konsepsiyalar öyrədilir.

STEAM-da oyunlar əsasında öyrətmə özünü göstərir. Oyunun əsasında isə elm və metodologiylar durur. Şagirdlər oynayaraq  öyrənirlər. Layihə əsaslı öyrənmədə isə şagird hər hansısa layihəni icra edərək,  müxtəlif fənləri inteqrasiya edir. Beləlikə , şagird bir çox fənləri birlikdə və araşdıraraq öyrənir. Mobil learn-də isə şagirdlər  mobil telefonlardan istifadə edərək,  dərsləri öyrənirlər. Bir çox məktəblərdə müəllimlər mobil telefonlardan istifadəyə icazə verilmir. STEAM-da isə bunun əksini tətbiq olunur. Biz  mobil telefonları tədrisə cəlb edir və onların xeyrli tərəflərindən yararlanırıq. Bizim kurikulumumuzda bu metodologiyalar istifadə olunmayıb. Bunlar Amerika və Avropa ölkələrində yeni yaradılan metodlardır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları