https://www.zirve.edu.az/
16.01.2020 13:00
Tələbə təklifini anında cavablayan rektor, nəticələrini səbirsizliklə gözləyənlər – İmtahandan reportaj
Çap et

Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.

Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçılar universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.

İmtahan, imtahan!

AzEdu.az təhsil portalının nümayəndəsi kimi biz də  bu prosesdə iştirak edib, tələbə, valideyn və rəhbərliyin imtahanlar haqqında düşüncələrini, xüsusilə, universitetin bu barədə gələcək planlarını dinlədik.

Universitetin rektoru, professor Vilayət Vəliyev AzEdu.az-a açıqlamasında   imtahan prosesində edilən dəyişiklərlə bağlı danışarkən, bu yeniliklərin  sadəcə, başlanğıc olduğunu qeyd etdi:

“Biz imtahanlarda bəzi yeniliklər etdik. Düşündük ki, bakalavrlar testlə imtahan versələr,  daha yaxşı olar. Çünki tədrisin keyfiyyəti ilə bağlı  hələ bəzi problemlər mövcuddur. Biz tədris keyfiyyətinin yaxşılaşdırılmasının bir üsulunu kompüter vasitəsilə test, eyni zamanda, fənlərə müfaviq olaraq yazılı və şifahi imtahanlarının düzgün şəkildə keçirilməsində görürük. 

Hazırda bakalavrlar testlə yanaşı, şifahi və yazılı imtahanlar da verirlər.  Şifahi imtahanlar xüsusi seçilmiş müəllimlər tərəfindən götürülür. Xüsusi texnika ixtisasları üzrə qruplarda isə yazılı imtahanlar aparılır.  Magistratura  pilləsində isə bütün imtahanlar yazılı formada həyata keçirilir. İlkin vəziyyətdə bu qaydalara üstünlük verdik.  Amma  hazırda tədrisin keyfiyyəti ilə bağlı ciddi işlər gedir və biz ixtisaslara müvafiq tədris aparacağıq. Riyaziyyat, kimya , fizika, mühəndis qrafikası kimi baza fənlərini daha çox ixtisaslara yönəldəcəyik”. 

Mediatur iştirakçıları həmçinin, bakalavr, magistratura,  “SABAH” qrupları üzrə keçirilən imtahan prosesinə də şahidlik etdilər.  Bir  auditoriyadan digərinə  keçdikcə Təhsil Nazirliyi yanında  İctima Şuranın  sədri, professor Şahlar Əsgərov tələbələrin problemləri ilə maraqlanır, onlara müxtəlif suallar verir:

-Əziz tələbələr, nəsə bir probleminiz varmı? Çəkinməyin, bizə problemlərinizi bildirin ki, onları həll edə bilək.

-Problemimiz kompüterlərin köhnə olması ilə bağlıdır. Elə proqramlar var ki, bu kompüterlər dəstəkləmir. Çətinlik yaradır.

Rektor V. Vəliyev səsləndirilən fikirlərə münasibət bildirir:

“Bəli, bəzi texniki problemlərimiz var, amma biz yaxın zamanlarda onların hamısını həll edəcəyik. Tələbələrin fikrində həqiqət var. Otaqların çoxu hələ kompüterlə təchiz olunmayıb. Tədrisin mükəmməl olması üçün maddi-texniki baza da lazımı səviyyədə olmaldır.

Onu da qeyd edim ki, hazırda kompüter əsaslı imtahan bazası işləyirik və gələcəkdə bu üsul bizim üçün daha uğurlu olacaqdır. Bunun əsas üstünlüyü odur ki, tələbələr öz kodları ilə yazılı qeydlər də apara bilər. Biz həm də həmin qeydlər vasitəsilə şifahi sorğular da keçirə biləcəyik”.

Şşş...! İmtahan gedir.

Universitetin, tədrisin eləcə də, imtahanının əsas hərəkətverici qüvvəsi tələbədir.  Elə ona görə də tələbənin nəyə üstünlük verməsi, bu prosesə nə qədər önəmsəməsi barədə fikirləri daha vacibdir.  Universitetin ikinci kurs tələbəsi  Orxan  Zeynalov bizimlə bölüşdüyü  fikirləri maraqlıdır:

-Tələbələrdən soruşsanız, onlar qeyri-ixtisas fənləri haqqında narazılıq edəcəklər. Biz bu fənlərin lazımlılığını inkar etmirik. Təbii ki, bizə multikulturalizm, fəlsəfə, məntiq, mədəniyyət və s. mütləq lazımdır. Amma bu fənlər I, II kursda yekunlaşsa yaxşı olar. Məncə, artıq II kursdan ixtisasa daha çox dərs yükü ayrılmalıdır.   İmtahanın keçirilmə prosesinə gəldikdə isə test, yazılı, şifahi imtahanlardan daha çox layihələrə, xüsusi tapşırıqlara önəm verilsə, məncə çox faydalı olar. Məsələn, tədris olunan fənlər üzrə bizə müəllimlər müəyyən tapşırılar və vaxt versin. Biz onları araşdıraq, yazaq, öyrənək və yüksək səviyyədə təqdim edək. Bu dünya təcrübəsində də var. Test imtahanları asandır, obyektivdir, amma tələbəyə çox şey qazandırmır. Çünki  cavabları əzbərləyib, imtahandan sonra unuduruq. Yazılı imtahan  çətin olsa da, məcburiyyətdən oxuyaraq da nəsə qazanmaq olur.  İndi də ixtisas fənləri yazılı, qeyri-ixtisas fənləri isə test imtahan götürülür.  Bu, məncə, doğru addımdır.

Otaqların qarşısında imtahan cavablarını səbrsizliklə gözləyən tələbələr...

Universitetin İctimai Şurasının rəhbəri Osman Gündüz də öz təəssüratlarını vurğulayır. O, ümumi mühitin, əhval-ruhiyyənin yaxşı, hətta əla olduğunu qeyd edir:

“Tələbələrin davranış, danışıqlarından hiss olunur ki, universitet rəhbərliyi imtahanların şəffaf keçirilməsi üçün xeyli addımlar atır. Tələbənin dediklərindən həm də belə qənaətə gəlmək olur ki, bəzi problemlər, çatışmazlıqlar var. Məsələn, tələbənin  qiymətinin öyrənməsi ilə bağlı bəzi əksikliklər var. Bakalavrda oxuyan tələbələr qiymətlərini dərhal öyrənə bilirlər. Amma magistrantlar qiyməti öyrənmək üçün özləri gəlməlidir. Yaxud pedaqoji ədəbiyyatla bağlı məsələlər var. Lazım olan ədəbiyyatların çoxu xarici dillərdədir. Azərbaycan dilinə tərcüməsi yaxşı olar. Təbii ki, bu problemlər tədricən həll olunacaq. Qeyd etdiyim kimi, ümumi vəziyyət çox yaxşıdır”.

Dil mədəniyyət, dünyagörüşüdür. Tələbə  bütün sahələrdə əsas üstünlüyü xarici dili bilməsi ilə qazanır. Bəs tələbənin xaricə çıxışı,beynəlxalq proqramlarla tanışlığı necə təmin  edilir?

Vilayət Vəliyevlə  söhbətimizi bu istiqamətdə davam etdiririk.  O qeyd edir ki, bu məsələlər onu ciddi şəkildə düşündürür:

“Universitetin xarici ali təhsil müəssisələri ilə ciddi əlaqələri var. Xüsusilə Almaniya və Avropa universitetləri ilə əlaqələr qururuq. İkili proqramlar, tələbə mübadaləsi və digər istiqamətlərdə bu əlaqələr genişlənir.  Əsas üstünlüyü isə Almaniya və Türkiyə universitetlərinə veririk. Hər iki ölkə üzrə proqramlarımız hazırlanır.  Yaxın zamanlarda həmin ölkələrə ciddi səfərlər edəcəyik. Bu iki ölkəyə üstünlük verməyimizin səbəbi odur ki, Almaniya universitetləri ilə tarixi əlaqələrimiz olmaqla yanaşı, universitetimizdə alman dilində mükəmməl tədris aparan 20-yə yaxın müəllimimiz və alman dilli qruplarımız var.  İkinci böyük əlaqəmiz isə Türkiyə universitetləri ilədir. Bu ölkə ilə  də geniş tələbə mübadiləmiz var”. 

Yaxşı təhsil yoxdursa, biz onda  hansı təhsili ölçürük. Gərək əvvəlcə tələbəyə yaxşı təhsil verək, ondan sonra onları  imtahan edək (V.Vəliyev).

Kəsr... “F” hərf qiymətləndirməsi... Yəqin ki, imtahan başlayandan axıra qədər tələbəni ən çox bu sual  düşündürür: Görəsən, kəsrim olacaq?

Ümumiyyətlə, tələbə niyə, hansı səbəbə görə kəsilir? Rektor Vilayet Vəliyev bu sualımız da cavablandırır.

-Kəsrlərin çoxluğu tədris keyfiyyətinin aşağı olması və həmin keyfiyyətə uyğun olmayan imtahanın keçirilməsi ilə əlaqədardır. Tələbələrə  elə də çox əhəmiyyətli olmayan çətin suallar, tapşırıqlar verilir. Bizim məqsədimiz  müfaviq təhsil standartları və  proqramı pozmadan,  materialları daha asan və lazım olan qədər tələbəyə çatdırmaqdır.  Xatırladım ki, biz “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının adını da dəyişərək  “Mühəndis riyaziyyatı”  adlandırdıq. Yəni mühəndisə nə qədər riyaziyyat lazımdırsa, o qədər riyaziyyat tədris edəcəyik.  Əslində ixtisas fənləri daha əhəmiyyətlidir. Çünki ixtisas aparan müəllimlər baza fənlərini ixtisaslara əsasən müəyyənləşdirməlidirlər.

Onu da xüsusi olaraq vurğulayım ki, 2020-ci ildən etibarən biz mükəmməl olaraq İKT, innovasiya, robottexnika kimi fənləri tədris edəcəyik. Bunun üçün  universitetin mükəmməl straterji hədəfi, proqramı olacaq.  Tədrisin bütün sahələrində rəqəmsallaşma gedəcək.  Tədrisin aparılması, keyfiyyətinin yüksəldilməsi,  standartların tətbiq olunması maddi bazadan istifadədə ciddi rəqəmsallaşma olacaq”.

Daha sonra valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırıldı.  Çıxış edən valideynlərin əksəriyyəti illər əvvəl bu universitetin məzunu olduqları, övladların həyatına ciddi təsir edəcək təhsili də elə öz doğma universitetlərinə etibar ediklərini vurğulayırlar.

Bununla da, AzTu-da baş tutan mediatur yekunlaşır. Bildirək ki, yanvarın 7-dən başlayan və fevralın 7-nə kimi davam edəcək sessiya imtahanları davam edəcək.  İmtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.