Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 16:52:00
Elm Tarixi İnstitutunun direktoru diasporla bağlı elektron layihənin təqdimatında

Azərbaycan Pespublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.

Kitabxananın direktoru Mayıl Əhmədov yeni layihə haqqında məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Müzakirələrdə tədbir iştirakçıları təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.      

AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) diaspor fəaliyyətinin öyrənilməsi istiqamətində görülən işlərdən danışıb. O vurğulayıb ki, bu məqsədlə 2002-ci ildə AMEA Tarix İnstitutunda Azərbaycan Diaspor şöbəsi yaradılıb. Eyni zamanda, 2014-cü ildə fəaliyyətə başlayan Elm Tarixi İnstitutunun Elmşünaslıq şöbəsində elmi diaspor məsələləri tədqiqata cəlb edilib, bu istiqamətdə bir neçə mütəxəssis yetişdirilərək, kitablar hazırlanıb. Əvvəllər diaspora  sahəsində informasiyanın təmin edilməsi baxımından müəyyən boşluqların olduğunu qeyd edən M.Seyidbəyli Prezident Kitabxanasında belə bir saytın açılmasının sevindirici hal olduğunu bildirib. Saytın fəaliyyəti ilə bu boşluğun aradan qaldırılmasının, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın operativ və ətraflı şəkildə məlumatlandırılmasının mümkün olacağını deyən institut direktoru təşkilatçılara minnətdarlığını bildirib.