Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 10:43:00
Universitetlərə bu şəxslər də imtahansız qəbul oluna bilərlər – Tez-tez soruşulan sual

Universitetlərə bu şəxslər də imtahansız qəbul oluna bilərlər – Tez-tez soruşulan sual

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq müsabiqə və olimpiada qaliblərinin qəbulu istənilən, respublika fənn olimpiadaları qaliblərinin qəbulu isə uyğun ixtisaslar üzrə aparılır.

Əksər şagirdlər isə II və III yeri tutanların imtahansız qəbulunun mümkün olub olmaması və qərarın neçənci sinifdə oxuyanlara şamil edilməsi ilə maraqlanırlar. Məsələn:

Respublika fənn olimpiadasında 2-ci yeri tutan VIII sinif şagirdi gələcəkdə ali məktəbə müsabiqədənkanar qəbul oluna bilər?

AzEdu.az məlumat verir ki, qərarda Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunanlar;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında I, II və III yeri tutanlar;

-Beynəlxalq müsabiqə və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və ya respublika fənn olimpiadası qalibinin XI sinfi bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Beynəlxalq müsabiqə və ya yarış qalibləri üçün isə bu müddət 5 ildir.

Qeyd edək ki, müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları