https://www.zirve.edu.az/
04.01.2020 18:00
"Bir neçə ölkədə "Qarabağ" məktəblərinin açılması nəzərdə tutulub"-Fuad Muradov
Çap et

"Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün də aktual məsələlərdəndir. Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xaricdəki soydaşlarımız üçün “Azərbaycan dili” dərsliyi hazırlanıb. Kitabın müxtəlif ölkələrdəki Azərbaycan dili məktəblərində paylanılması, daha bir neçə ölkədə “Qarabağ” məktəblərinin açılması nəzərdə tutulub".

 AzEdu.az  xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2020-ci ildə komitənin məqsədləri haqqında müsahibəsində deyib. Sədr qeyd edib ki, komitə müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha 8 məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırır:

 "Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar burada toplaşaraq müxtəlif səpkili tədbirlər keçirə, müzakirələr apara biləcəklər.
Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasında keçirilməsi nəzərdə tutulan çox sayda mədəni layihələr üzərində iş aparılır. 2020-ci ilin fevralından bu layihələrin reallaşdırılmasına start veriləcək. Növbəti ildə həmvətənlərimizin də səbirsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik.

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır".

 F.Muradovun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyir:

 "Hazırda işlər yekunlaşmaq üzrədir, böyük ehtimalla fevral ayından həmvətənlərimizin istifadəsinə verə biləcəyik. Daha bir böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub, gələn il açılışını etməyi planlayırıq. Bu, Türkiyədə işləyəcək ən böyük fondlarımızdan biri olacaq. Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur, yaxın vaxtlarda bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var, hazırda bunun da üzərində işlənilir.


Bir sözlə, planlarımız çoxdur və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.
Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün". (Modern.az)