https://www.zirve.edu.az/
03.01.2020 17:58
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən Yeni il şənlikləri yaddaqalan olub

Bayram günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən tədbirlər planı hazırlanıb və həmin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib.

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu çərçivədə mərkəzin həyətində milli musiqi və rəqs nömrələrindən ibarət əyləncəli bayram şənliyi təşkil olunub. Bayram şənliyində mərkəzin “Əlvan çiçəklər” rəqs qrupunun milli rəqs nömrələrindən “Qazağı”, “Şən Azərbaycan”, “Azərbaycan suitası”, “Qarabağ inciəri”, “Nəlbəki”, “Köçəri” tamaşaçılar tərəfindən maraqla qarşılanıb. “Azərbaycan ritmləri” nağara, “Odlar ölkəsi” qarmon qruplarının “Araz üstə şəhərim”, “Dörd dost”, “Mənim doğma məktəbim”, “Naxçıvanım” mahnılarının ifası, dərnək üzvlərinin “Naxçıvan”, “Heydər baba”, “Həmrəylik günü” şeirlərini bədii qiraəti tədbir iştirakçıları tərəfindən alqışlanıb.

Şaxta babanın və Qar qızın şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək onlara hədiyyələr paylaması, şagirdlərlə birgə rəqs etməsi tədbirə rəngarənglik qatıb.

Qeyd edək ki, tədbirdə Naxçıvan şəhər tam orta məktəblərinin müəllim və şagirdləri, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək rəhbərləri, dərnək üzvləri və şəhər sakinləri iştirak ediblər.