https://www.zirve.edu.az/
01.01.2020 12:03
Dünya 2020-ci ili necə qarşıladı? – FOTOLAR
Çap et

Ötən gecə bütün dünya 2020-ci təqvim ilinin daxil olmasını təntənə ilə qeyd etdi.

Bu əlamətdar günlə bağlı dünyanın fərqli-fərqli ölkələrində, iri şəhərlərdə bayram şənlikləri, atəşfəşanlıq, yarmarkalar və paradalar keçirilir. Yerli ənənələr fərqli olsa da, Yeni il atəşfəşanlığı bu bayramın ayrılmaz atributu sayılır. 

 AzEdu.az  Modern.az-a istinadla dünyanın fərqli şəhərlərində - Sidney, Pekin, Sinqapur, Mumbai, Dubay, Moskva, İstanbul, Berlin, Paris və Nyu-Yorkda Yeni il şənlikləri zamanı çəkilən fotoları qısa xülasə ilə təqdim edir.

 Yeni ili ilk qeyd edənlər Avstraliya və Yeni Zelandiya sakinləri oldu. Sidney şəhərində dekabrın 31-i keçirilən pirotexniki şou izləyənləri öz miqyası ilə heyrətləndirməyi bacarıb.

 

 Çin Yeni ili əvvəl Qriqorian təqvimi ilə 1 yanvara keçən gecə, bir neçə həftə sonra isə Şərq təqvimi ilə qeyd edir. Fotoda 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsi üçün də meydan olacaq Pekinin “Shougang” sənaye parkında baş tutan Yeni il şənliyi əks olunub.

 Sinqapurda isə Yeni il şənliyinin episentri Marina-Bey buxtası oldu. Hər il buxtanın suları üzərində atəşfəşanlıq və lazer şousu nümayiş etdirilir.

 Hindistanda Yeni il milli bayram olmadığı üçün onunla bağlı milli ənənələr yoxdur. Buna baxmayaraq, son illər Mumbai kimi iri şəhərlərdə kütləvi tədbirlər keçirilir. Fotoda Mumbai şəhərinin əsas simvollarından biri sayılan “Hindistan Qapıları” abidəsi önündə atəşfəşanlıq keçirilir.

 Birləşmiş Ərəb Əmirliklərinin önəmli mərkəzi sayılan Dubay da digər şəhərlərdən geri qalmayıb. Ənənəvi işıq və fəvvarə şousu dünyanın ən hündür göydələni Burc-Xəlifədə baş tutub.

 

 Rusiya paytaxtı Moskva da Yeni il günü diqqət mərkəzində olub. Yanvarın 1-nə keçən gecə Qırmızı Meydan və Böyük Moskvorets körpüsü üzərində atəşfəşanlıq baş tutub.

Türkiyə Yeni ili 1935-ci ildən qeyd edir. Əsas mərasimlər ölkənin ən böyük şəhəri İstanbulda baş tutur. Belə ki, Bosfor boğazı üəzrində hava atılan yüzlərlə fişəng möhtəşəm mənzərə yaradır.

 

 

Yeni ili şən keçirən ölkələrdən biri də Almaniyadır. Berlində atəşfəşanlıq və musiqi altında rəqs üçün uzunluğu 1,5 kilometr olan xüsusi ərazi ayırıblar. Brandenburq qapılarından Tirqarten rayonuna qədər uzanan bu ərazidə diceylərin iştirakı ilə musiqi festivalı baş tutur.

 

Fransa paytaxtı Paris də 31 dekabr günü Berlindən geri qalmır. Yeni il aksessuaları ilə bəzədilmiş şəhərdə əsas şənliklər Yelisey sarayı yaxınlığında, Zəfər Tağının çevrəsində baş tutur.

 

Nyu-Yorkun məşhur Tayms-Skver meydanı uzun illərdir ki, Yeni il şənliyi üçün əsas meydan olub. Əcnəbi turistlər və yerli sakinlər buradakı şənliyə şahid olmaq üçün 24 saat öncədən yer tuturlar.