Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 11:23:00
Diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllim: “Bunu gözləyirdim”

“Əsl məktəb psixoloqu olmaq istəyənlər ilk növbədə şagirdləri sevməlidirlər”.

Bu sözlər psixoloqların diaqnostik qiymətləndirilmə müsabiqəsində  namizədlər arasında ən yüksək nəticə göstərən Könül Cəfərliyə məxsusdur.

Könül Cəfərli dekabrın 27-də keçirilən psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  yüksək nəticə göstərək 51 bal toplayıb.

O, Tovuz rayonu A.S.Puşkin adına şəhər tam orta məktəbin psixoloqudur; 3 ildir ki, bu vəzifədə çalışır. Gəncə Dövlət Universitetində  “Psixologiya” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb. Daha sonra isə Gəncə Dövlət Universitetinin “Pedaqoji psixologiya” ixtisası üzrə magistratura  təhsil səviyyəsini bitirib.

AzEdu.az Könül Cəfərlinin imtahan barəsində təəssüratlarını təqdim edir:

“Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanı mənim üçün çox yaxşı keçdi. Bu imtahanlarda təqdim edilən suallar əsasən orta səviyyəli idi. İmtahan ərzində məndə heç bir həyəcan baş vermədi. Bu imtahandan yüksək nəticə göstərməyim gözlənilən idi. Amma özümdən daha da yüksək nəticə gözləyirdim.  Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına 1 ay ərzində hazırlaşmışdım. Bu imtahana  hazırlaşmaq üçün universitetdə oxuduğum müddətdə keçirilən dərsləri təkrarlayırdım. Əsasən “Ümumi psixologiya”, “Yaş psixologiyası”, “Pedaqoji psixologiya” kitablarını oxuyurdum.

İmtahanlarda yüksək nəticə göstərməyin sirləri...

“Ümumiyyətlə, universitet müddətində keçirilən dərsləri yaxşı oxuduqda imtahanda yüksək nəticə göstərmək mümkündür.

Əsl məktəb psixoloq ilk növbədə savadlı olmalı, şagirdləri sevməlidir. Həmçinin əsl psixoloq praktiki sahəni də çox yaxşı bilməlidir.

Hazırda Tovuz rayon A.S.Puşkin adına şəhər tam orta məktəbində psixoloq vəzifəsində çalışıram. Bundan sonra da öz işlədiyim məktəbdə psixoloq kimi fəaliyyət göstərmək istərdim.

Gələcəkdə də  doktorantura səviyyəsində təhsil almağı planlayıram”.

Qeyd edək ki, dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb. Ümumilikdə elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək hüququ qazanıb. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2633 namizəd qatılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları