Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 10:25:00
Aprel şəhidinin məktəbli qızı - “Qardaşım hər gün başqa valideynləri görəndə soruşur: “bəs mənim atam hanı?!”

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.   

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.

 Bu dəfə,  Aprel döyüşlərində qəhrəmanlıq göstərən zabit, şəhid kapitan  Vaqif Bayramovun qızı Zeynəb Bayramova  atası  haqqında ürək sözlərini inşa şəklində yazıb.

Zeynəb hazırda Naftalan şəhəri İ.Nəsimi adına 1saylı tam orta məktəbin  dördüncü sinif şagirdidir:

“Ata mən səni çox istəyirəm. Hara baxsam, görürəm ki, sən ordasan. Məktəbdə də xatirən var. Sənin getdiyin gün hələ də yadımdadır. Qəlbimdə yara açdın. Sən bizi öpmədin. Bizə söz verdin ki, mənə heç nə olmayacaq, amma oldu. Sən bizə nə söz versən yerinə yetirərdin. Amma sən bu sözünü yerinə yetirə bilmədin. Hamımız yolunu gözləyirik. Amma mən sənin belə olduğunu görəndə çox, amma çox pis oldum. Niyə belə etdin? Niyə bizə yazığın gəlmədi?  Niyə balalarını ata həsrətiylə qoydun? Nasdı, mən,  Alin, Ümid səni gözləyirik. İndi mən sənə məktub yazmamalıydım, amma yazıram ürəyimi boşalda bilmirəm. Düzdü, qəbrin üstünə gəlmişəm , amma hamı orda olanda ürəyimi boşalda bilmirəm. Mən bunu qəbul edə bilmirəm, nolar, nolar, nolar , gəl...  Ata sən bizi Ata həsrətiylə qoyma. Bilirəm, mənim şəhid uşağı olmağım böyük qürurdu. Məni ora-bura aparsalar da, heç biri sənin yerini, heç kim sənin yerini tuta bilməz. Sən bizi nə qədər çox istəyirdinsə,öz əsgərlərini,vətənini o qədər sevərdin. Mən dərsdən geriləmişəm, səbəbi sənsən. Mən səndən küsmürəm, incimirəm, amma evimizə qayıt.

Sən iki əsgər yoldaşını xilas etmək üçün şəhid olmusan.

Ümid hər gün valideynləri görüb deyir ki, mənim atam hanı? Ümid hələ yeni-yeni “ata” deyir. Nolar Ata nolar, gəl. Ata bizə kimlərsə  nə qədər yaxşı davransa da, heç kim sənin qayğına çata bilməz".