Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 09:25:00
Azərbaycanlı mütəxəssis Sürix Universitetində ürək çatışmazlığı ixtisası üzrə təhsilini bitirib

Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova bu il Sürix Universitetinin ürək çatışmazlığı ixtisası üzrə təhsilini uğurla başa vurub.

AzEdu.az xəbər verir ki, Y.Rüstəmova adıçəkilən ixtisas və Ürəyin Maqnit Rezonans Tomoqrafiyası üzrə Sürix Universitetinin və Avropa Ürək Akademiyasını diplom və sertifikatına layiq görülüb. Sürix Universitetindən ürək çatışmazlığı üzrə mütəxəssis ali dərəcəsini alan gənc kardioloq nüfuzlu universitetin dünya üzrə bu ada layiq gördüyü iki yüz mütəxəssis sırasına daxil olub.

Qeyd edək ki, akkreditasiyadan keçmək üçün ötən il dünyanın müxtəlif ölkələrindən Sürix Universitetinə 600 nəfər sənəd verib, ancaq onlardan 60 nəfər seçilib. Onların arasında gənc azərbaycanlı mütəxəssis Yasmin Rüstəmova yer alıb.

Təqdimat mərasimində diplomlar Sürix Universitetinin Tibb Fakültəsinin professoru Rayner Veber, Avropa Ürək Akademiyasının professoru Perri Elliot, universitetin Kardiologiya Klinikasının direktoru, professor Frank Ruşitska və digər tibb xadimlərinin iştirakı ilə təqdim olunub.

Tibb üzrə fəlsəfə doktoru Y.Rüstəmova həm də Azərbaycan Kardioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Kardioloqlar Cəmiyyətinin Maqnit Rezonans Tomoqrafiya İşçi Qrupunun rəhbəri, Beynəlxalq Gənc Kardioloqların Akademiyasının vitse-prezidentidir. (Azərtac)