https://www.zirve.edu.az/
29.04.2018 17:46
Azərbaycanın ucqar kənd müəllimindən maraqlı addım – VİDEO

Azərbaycanın ucqar kənd məktəbinin müəllimi maraqlı addım atıb.

AzEdu.az Minval.info-ya xəbər verir ki, Lerik rayonu Lərmərud kənd məktəbinin müəllimi Seymur İbrahimov şagirdləri ilə xoş gün keçirmək üçün onlarla birgə meşəyə yollanıblar.

“Şagirdlərimlə birgə bir layihə həyata keçirmək istədim. Yığışıb Lərmərud dağlarındakı meşəyə üz tutduq. Balaca parçalara öz adımızı yazıb meşədə yaşlı bir ağac tapıb, ağaca ad qoyduq – Ümid ağacı. Daha sonra isə o ağaca işarə qoymaq üçün parçaya yazdığımız adlarımızı həmin yaşlı ağaca bağladıq” – müəllim bildirib.

S.İbrahimov hansı səbəbdən belə addım atdıqları barədə söhbət açıb: “Gələcəkdə məqsədlərimizə nail olub, üniversitetə daxil olduqdan, ən əsası cəmiyyətə yararlı insanlar olub hərəmiz bir mövqe tutduqdan sonra gəlib həmin ağacın ətrafında bir daha toplaşaq. Məqsədlərimizə çatdığımız üçün, cəmiyyətə yararlı insanlar olduğumuz üçün bunu qeyd edək”.

Məlumat üçün bildirək ki, Seymur İbrahimov bundan öncə şagirdlərinin əhval-ruhiyəsinin yüksək olması və dərslərinə həvəslə yanaşması üçün bundan öncə də maraqlı addım atıb. Belə ki, onun təşəbbüsü ilə Azərbaycanın məşhur simaları və xarici ölkədə yaşayan həmyerlilərimiz Lərmərud kəndinin məktəblilərinə salam göndəriblər, eyni zamanda ürək sözlərini bildiriblər. Onlar özlərini videoya çəkərək bunu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bitirən Seymur İbrahimov müəllimlərin işə qəbulu imtahanında uğurla iştirak edib. Daha sonra öz istəyi ilə Lerik rayonu Lərmərud kənd məktəbində çalışmağa başlayıb.