Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-02 15:29:00
“Saatlardır, oğlumu gözləyirəm, həyəcanlanmamaq mümkün deyil” – Buraxılış imtahanından fotolar

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

 IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün  şəhər və rayonlarda 81 imtahan mərkəzi ayrılıb.

AzEdu.az Bakı şəhər, Milli Qəhrəman Gültəkin Əsgərova adına 200 nömrəli tam orta məktəbdə keçirilən imtahan prosesində valideynlərin təəssüratlarını öyrənməyə çalışıb:

Məktəbin qarşısı valideynlərlə doludur. Hər biri həyəcanlıdır... Bəlkə də imtahanın daha çətin sınağı onların çiyinlərinə hopub. Danışdıqca, buna daha da əmin oluruq...

Ülkər Babayeva adlı valideyn onlardan biridir.  Qızı Mənzurə Babayevanının imtahandan çıxmasını səbirsizliklə gözləyir.

“Ümid edirəm ki. qızım yaxşı nəticə ilə imtahandan çıxacaq.Çox həyəcanlıyam. Oğlum da bu il 11-ci sinif üzrə buraxılış imtahanı verib. O, 619 bal toplayıb.İnşallah qızım da yüksək nəticə göstərəcək.

Övladım repetitor yanına getməyib. Buna ehtiyac da duymamışıq. Özü evdə oxuyub. Müəllimləri də onun yaxşı bal toplayacağını gözləyirlər”.

Mirzəyeva Bahar da oğlu İsmayılov Mədətin yaxşı bal yığacağına inanır.

“Övladım repetitor yanına gedərək, imtahana hazırlaşıb.Hələ ki nəticə haqqında bir söz deyə bilmərəm.Onu oğlum imtahandan çıxandan sonra biləcəm.

Hazırlıq müəllimi bizi inandırıb ki, yaxşı olacaq.Məktəblərində olan sınaq imtahanında iştirak edirdi. Nəticəsi də ürəkaçan olurdu. İnşallah bu gün də bizi sevindirər”.

Abdullayeva Mahmur oğlu Şərifzadə Sabirin imtahandan çıxmasını səbirsizliklə gözləyir. Hiss etdirməsə də, onun da həyəcanını gözlərindən oxumaq mümkündür:

“Mənim oğlum da repetitor yanına gedirdi.Yaxşı nəticə olacağına inanıram.

Həyəcanlı olmamaq mümkün deyil.Valideyn belə bir gündə məsuliyyət daşıdığı üçün həyəcanlı olur. Ona görə də burada saatlardır, övladımı gözləyirəm. Ümid edirəm, hamının övladı yaxşı nəticə əldə edər. Mənimki də həmçinin”.

Quliyeva Fəridə digərlərinə baxanda daha toxtaq görünür.  Oğlu Qasımov Eldarın imtahandan yüksək balla çıxacağına inanır.

“Oğlum buraxılış imtahanına repetitor  vasitəsilə hazırlaşıb.İnşallah, yaxşı nəticə əldə edər.

Əlbəttə həyəcanlıyam. Valideyn olmaqda bunu tələb edir. Allah hamıya xeyirli xəbər eşitməyi qismət etsin”.

Məmmədova Nəzakət  oğlu Məmmədov Şirəlini bir necə saatdır ki, imtahandan çıxmasını gözləyir.

“Mən oğlumu fərdi müəllim yanına qoymuşam.Ümid edirəm, bütün uşaqlar yaxşı nəticə əldə edər.

Orta məktəb qiymətləri də yaxşı idi və  savadı ilə fərqlənirdi. İnşallah, nəticəsi ürəkaçan olar və bizi sevindirər”.

Nəsirzadə Fizuli nəvəsi Süleymanova Şəbnəmi imtahana gətirib.O, baba olaraq çox həyəcanlı və məsuliyyətli olduğunu deyir:

“Yaxşı hazırlaşıb və çox əziyyət çəkib.Həm kursa gedirdi, həm də müəllim yanına.Ona görə də yüksək nəticə əldə edəcəyinə inanıram.

Babası olaraq ona çox güvənirəm”.

Əhmədova Məryəm  qızı Əhmədova Nəzrini gözləyir.O digər valideynlərdən fərqli olaraq, həyəcanlı olmadığnı deyir.

“Mən qızıma arxayınam. Onda görə də həyəcanlanmıram.Buna ehtiyac yoxdu.

Repetitor yanına az gedib, amma çox şeylər öyrənib.İnşallah ki, yaxşı nəticə ilə bizi sevindirər”.

Muxtarova Səbinə oğlu Muxtarzadə Firdovsini həyəcan və məsuliyyət içərisində gözləyir:

“İlk imtahanda çox həyəcanlı idim. İndi isə o qədər də deyiləm. Oğlum repetitor yanına gedib. Yaxşı nəticə əldə edəcəyinə inanıram və ona ana olaraq,  çox güvənirəm. Çıxdığı zaman məni sevindirəcəyinə şübhəm yoxdu”.

Hacıyeva Əskinaz iki nəvəsini imtahana gətirib. Onlar Zeynalov Halduz və Zeynalov Ayxandır:

“Ümidim var... Amma hər şey onlardan aslıdır... İnşallah yaxşı nəticə əldə edərlər.

Heç vaxt müəllim yanına getməyiblər. Özləri evdə oxuyublar. Qiymətləri də orta idi, yüksək deyildi.

Zehinləri açıq olsa, yaxşı olacaq.İnşallah, qismətdə nə var, onu da görəcəyik.Allah bütün imtahan verənlərə kömək olsun”.

Rəfiyeva Tacirə  qızı Rəfiyeva Səbinənin imtahandan çıxmasını gözləyir:

“Qızım müəllim yanına gedirdi. İnşallah, yaxşı nəticə gözləyirik.Çox rahatam, çünki inanıram ki, qızım keçəcək

Hamı üçün yaxşı sonluq olsun və Allah heç kimə peşmançılıq verməsin”.

Qeyd edək ki, imtahanda 37670 nəfər (Bak şəhəri Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006 nəfər) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi müəllim, buraxılışı təşkil edən 265 əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.

Şükufə Süleymanlı