Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-27 17:44:26
Universitetlərə imtahansız qəbul, minlərlə abituriyentə yaradılan əla şans-Təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Bu şəxslər ali məktəbə imtahansız qəbul olunacaqlar 

Ötən həftədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul aparmağa əsas verən beynəlxalq müsabiqələrin və yarışların siyahısı açıqlanıb.

Qəbuluna görə, bu, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda əksini tapıb.

Novruz Məmmədov Təhsil Nazirliyinin kollegiyasının tərkibini dəyişdirdi

Geridə buraxdığımız günlərdə Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb. 

Bundan sonra, təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

Bəzi peşə məktəbləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq 

Ötən həftədə Nazirlər Kabineti "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.

Nizamnaməyə əsasən, peşə təhsili müəssisəsinin təsisçisi Təhsil Nazirliyidir. Peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya “Lisenziyalar və icazələr haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına uyğun olaraq verilir. Peşə təhsili müəssisəsi akkreditasiya edilir.

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı dövlət rüsumu artırıldı

Azərbaycanda təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə vərəqəsi 15 və 20 iş gün ərzində verilə bilər.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün 15 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 60 manat, 2 illik üçün 120 manat manat dövlət rüsumu alınacaq. 20 gün ərzində 1 illik icazə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 40 manat, 2 illik üçün isə 80 manat manat dövlət rüsumu alınacaq.

İlham Əliyev Rusiya Elmlər Akademiyası prezidentini qəbul edib

Geridə buraxdığımız günlərdə Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.

Bildirək ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib

Ötən həftədə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Müsabiqələrdə ümumilikdə 27 000-nə yaxın şagird iştirak edib.

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.

Nazir müavini şimal bölgəsinin təhsil işçiləri ilə görüşüb

Geridə buraxdığımız günlərdə Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin  Ümumi və  məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Quba, Qusar,  Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl  təhsil işçiləri iştirak ediblər.

Nazir müavini bu rayonlarının təhsil işçiləri  də görüşüb

Mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

11-ci lərin səbrsizliklə gözlədiyi buraxılış imtahanlarının nəticələri açıqlandı

11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. 

Yay qəbul imtahanlarına elektron qeydiyyat bu tarixlərdə aparılacaq

Yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılacaq.

Lisey və gimnaziyalarda oxumaq istəyənlər üçün qəbul başladı

Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Nazir təhsil şöbəsinin müdirini işdən çıxardı

Ötən həftədə İmişli Rayon Təhsil Şöbəsinin müdiri tutduğu vəzifədən azad edilib.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

 İmişli Rayon Təhsil Şöbəsinin müdiri Əmirov Ramiz Cahangir oğlu tutduğu vəzifədən azad olunub.

Qəbul imtahanlarında fənlər üzrə bal məhdudiyyəti ləğv olundu

Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minqimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb.

Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

2018-ci ildə 54 nəfər uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə dövlət uşaq müəssisələrinə 135 nəfər uşaq yerləşdirilib, 5 nəfər uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 217 nəfər uşaq isə reabilitasiya xidmətlərinə yönləndirilib.

12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib

Azərbaycanda yeni peşə təhsil mərkəzi yaradılır

Tədrisin daha effektiv təşkili məqsədilə əmək bazarının dəyişən tələblərini, işəgötürənlərin maraq və öhdəliklərini nəzərə alaraq, yüksəkixtisaslı kadrların yetişdirilməsi, yeni tələb olunan ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlər görülür.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası və Koreya Respublikası hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) bazasında Koreyanın tədris standartları əsasında yeni peşə təhsil mərkəzi yaradılır. Nümunəvi təhsil müəssisəsi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq.

Abituriyentlər gələn il builki nəticə ilə kolleclərə  qəbul oluna biləcəklər

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanının) nəticəsi 2 il qüvvədə olur. Abituriyent müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə ilə növbəti il V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində imtahansız iştirak edə bilər.

Eyni zamanda abituriyentə müsabiqə şərtlərini ödədiyi təqdirdə ötənilki balla 9 və 11 illik orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək hüququ verilir.

Baş nazir tələbə köçürülməsi ilə bağlı yeni qaydaları  təsdiqlədi

Ötən həftədə Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiqləyib.

Bu qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Ali məktəblərə qəbul planı  artırıldı

"2019-2020-cu tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım nəzərdə tutulub".

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, bu ilki qəbul planında 48 506 nəfərlik yer ayrılıb.

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinə müavin təyin olunub

Azərbaycan Milli Elmlər akademiyasının prezidenti akademik Akif Əlizadənin sərəncamı ilə müəssisədə yeni təyinat olub.

Ötən həftədə Akif Əlizadənin may 2019-cu il tarixli sərəncamına əsasən, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilib

Mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirilib.

Respublika fənn olimpiadalarının final turu keçirilib

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.

Final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıblar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışırlar. Olimpiadada ümumilikdə 533 şagird iştirak edib.

 AMEA-nın elmi işçisi vəfat etdi 

Ötən həftədə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı vəfat edib.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Tofiq Məmmədov 84 yaşında dünyasını dəyişib.

Kolleclərə ixtisas seçimi bu tarixlərdə aparılacaq

Ötən həftədə Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, IX illik bazada kolleclərə ixtisas seçimi 24 iyul - 5 avqust tarixlərində aparılacaq.

XI illik bazada kolleclərə ixtisas seçimi isə 15 - 19 avqust tarixlərində baş tutacaq.

Qəbul imtahanının nəticələri elan olundu

Geridə buraxdığımız günlərdə Dövlət İmtahan Mərkəzi 2019-cu il mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları