
Bu gün Bakı şəhərində yerləşən bəzi orta ümumtəhsil məktəblərində şagird və müəllimlərə növbəti ildən dərs saatlarının 08:00-da deyil, 09:00-da başlanacağı bildirilib.
Qərarı elan etməzdən əvvəl müəllim və şagirdlərin fikri öyrənilib. Əksər müəllimlər dərs vaxtının 1 saat gec-09:00-da başlanlmasının tərəfdarı olduğunu bildirib. Bundan sonra direktor müavinləri “Növbəti ildən dərslər saat 9-da başlayacaq”, deyə bildiriblər.
Amma bu qərar işləyən valideynlər tərəfindən narazılıqla qarşılanıb. Hamıya bəllidir ki, paytaxtdakı dövlət və özəl müəssisələrin böyük əksəriyyətində iş saat 09:00-da başlayır. Bu baxımdan valideynlərin övladlarını məktəbə qoyduqdan sonra işə çatması mümkün olur... Qərar dəyişikliyi baş verərsə, bu, mümkün olmayacaq.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusunu cavablandırarkən məlumatların əsassız olduğunu deyib:
“Belə bir dəyişiklik nəzərdə tutulmayıb. Ümumiyyətlə, bu barədə nazirlikdə müzakirə belə aparılmayıb. Bütün bunlar növbəti dezinformasiyalardır”.
kitabı







