Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 15:15:00
Gənc alimlər Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar

Fevralın 7-də AMEA-nın elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri Yüksək Texnologiyalar Parkını ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, qonaqları Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət ediblər.

Əvvəlcə gənc alimlərYüksək Texnologiyalar Parkının yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkərək müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. Mərkəzin müdir müavini Kamal Yusifov bildirib ki, burada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin dəqiq sınağı həyata keçiriləcək. Sözügedən sınaqları AMEA-nın elmi müəssisə və təşkilatlarının bu günə qədər xaricdə həyata keçirdiklərini xatırladan K.Yusifov laboratoriyanın regionda ilk dəfə ölkəmizdə qurulması ilə respublikadan valyuta axınının qarşısının alınacağını diqqətə çatdırıb.

Sonra “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers Oils Azerbaijan” MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik “Naftalan yağı” barədə məlumat verilib. Bildirilib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.

Daha sonra gənclərlə Yüksək Texnologiyalar Parkının rəhbərliyinin görüşü keçirilib. Görüşdə əldə edilmiş nailiyyətlərə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Parkın direktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisənin alimlərin elmi tədqiqatlarının tətbiqi və kommersiyalaşdırılması məqsədilə yaradıldığını bildirib. Qeyd edib ki, bu gün Parkda 10 rezident fəaliyyət göstərir və respublikada həyat səviyyəsinin yüksəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl işlər icra olunur.

N.Şükürov hazırda YT Parkda respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların da istehsal olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, burada istehsal edilən hərbi və mülki təyinatlı dronlar respublikanın güc strukturları tərəfindən, həmçinin kənd təsərrüfatı sektorunda istifadə olunur.

Alim gənc tədqiqatçıların innovativ ideyalarını dəstəkləməyə hazır olduqlarını bildirib, onları mütəmadi əməkdaşlığa dəvət edib.