Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 13:54:00
Peşə təhsili müəssisəsində inklüziv təhsil uğurla tətbiq olunur

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində iki ildir inklüziv təhsil həyata keçirilir.

AzEdu.az  AZƏRTAC-a istinadən bildirir ki, 2018-2019-cu tədris ilində inklüziv tədris modeli əsasında Peşə Təhsil Mərkəzində “Tikiş ustası, tikişçi” qrupu açılıb. Qrupda 5 nəfər sağlamlıq imkanı məhdud tələbə təhsil alır.

İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Onlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya edir, bərabərhüquqlu şəxsiyyət kimi formalaşır, onlarda özünəinam hissi yaranır, həmçinin məşğulluq problemi aradan qaldırılır.

Sağlamlıq imkanları məhdud tələbələr qabiliyyət sarıdan digər tələbələrdən geri qalmırlar. “Tikiş ustası, tikişçi” qrupunda təhsil alan, Şağan 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evindən məzun olan Nigar Məmmədova beynəlxalq müsabiqələrə qatılaraq böyük uğurlar qazanıb. O, uşaqlıqdan biçib-tikməyə, rəsm çəkməyə başlayıb. Ata-anası da dərzidir. Nigar da dərzi kimi yetişir. Norveçdə, Hindistanda rəsm sərgilərində sertifikatlar qazanıb.

Xatırladaq ki, Azərbaycanda “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilib.