Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 11:12:00
Gənc tədqiqatçı fərdi təqaüd alacaq

AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi İsgəndər Babazadə institutun “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsü olub.

AzEdu.az xəbər verir ki, İqtisadiyyat İnstitutunun elmi şurasının iclasında direktor, professor Nazim İmanovun təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev öz maaşından 1 il müddətinə hər ay gənc tədqiqatçıya 100 manat məbləğində fərdi təqaüd verəcək.

Qeyd edək ki, institutun elmi şurasının yanvarın 11-də keçirilən iclasında “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsi təsdiq olunub. Qaydalara əsasən təqaüd institutun direktorunun və AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əməkhaqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 (bir) nəfəri maliyyələşdirir. Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əməkhaqqı hesabından alanın əməkhaqqı hesabına köçürülür. Təqaüd AMEA İqtisadiyyat İnstitutunun yaşı 30-dək olan tədqiqatçılarına əldə etdikləri nailiyyətlər əsasında verilir. Təqaüdə namizəd direktor tərəfindən irəli sürülür və bu barədə qərar elmi şuranın iclasında sadə səs çoxluğu ilə qəbul olunur.