Azərbaycanda turizm sahəsində kadr hazırlığı həyata keçirən təhsil müəssisələrinin maddi-texniki bazasının və təhsil infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda qeyd olunur ki, turizm sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin maddi-texniki bazasının və təhsil infrastrukturunun müasirləşdirilməsi vacibdir. Bu çərçivədə turizm sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin maddi-texniki infrastrukturunun müasir standartlara uyğunlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin maddi-texniki bazasının və təhsil infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır.
Görüləcək tədbirlər nəticəsində:
turizm sahəsi üzrə təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
turizm sahəsi üzrə peşə təlimlərində iştirak etmiş şəxslərin sayının artırılması;
turizm sahəsində muzdla çalışan şəxslər arasında bu sahə üzrə təhsil alanların payının artırılması;
turizm ixtisası üzrə məzunların sayının artırılması;
turizm sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin infrastruktur bazasının təkmilləşdirilməsi gözlənilir.
Proqramda mümkün risklərin qarşısının alınması ilə bağlı tədbirlər də müəyyənləşdirilib. Belə ki, ikili diplom proqramının və ikili təhsil sisteminin tətbiqi ilə yüksək nəticə göstərən abituriyentlərin turizm ixtisaslarını seçməsinin təşviq edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, maarifləndirmə, etibarlı tərəfdaşlıq, orta və uzunmüddətli sövdələşmələr yolu ilə turizm sənayesi subyektlərinin təhsil layihələri üzrə əməkdaşlığa marağının artırılması planlaşdırılır.