Azərbaycanda turizm sahəsində peşə hazırlığı kursları təşkil ediləcək.
2030-cu ilədək Azərbaycanda turizm sahəsində peşə hazırlığı kurslarının təşkil edilməsi nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bununla bağlı məsələlər Dövlət Turizm Agentliyinə həvalə edilib. Digər icraçı qurumlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyidir.
İlkin mərhələdə turizm sahəsində peşə hazırlığına olan ehtiyaclar qiymətləndiriləcək.
Dövlət Proqramında turizm sahəsində təhsil proqramlarının inkişaf etdirilməsi, ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması və ikili diplom proqramlarının dəstəklənməsi də nəzərdə tutulur.
Bu çərçivədə Azərbaycan Turizm və Menecment Universitetində xarici tərəfdaş ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi, turizm ixtisasları üzrə ikili peşə təhsilinin tətbiqi və təhsil proqramlarının beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması planlaşdırılır.
Bundan əlavə, turizm sahəsində qısamüddətli təlim və kurs proqramları həyata keçiriləcək. Bu proqramların əsas məqsədi turizm sənayesində yeni əmək fəaliyyətinə başlamaq istəyən şəxslərin praktiki biliklərini artırmaq və peşə bacarıqlarını inkişaf etdirməkdir.
Bu istiqamətdə turizm sahəsində peşə hazırlığı kurslarının təşkil edilməsi və ixtisaslaşmış təlimlərin keçirilməsi nəzərdə tutulur.