Alimlər Günəşin səthində əvvəllər müşahidə olunmayan kiçik plazma burulğanlarını ilk dəfə birbaşa görüntüləyiblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşf ABŞ-nin Havay adalarında yerləşən dünyanın ən böyük Günəş teleskoplarından biri olan Daniel K. Inouye Solar Telescope vasitəsilə aparılıb. Teleskop təxminən 20 kilometr ölçüsündə strukturları ayırd edə bilib.
Tədqiqatçılar görüntülərdə Günəş səthində hərəkət edən isti plazmanın spiralvari burulğanlar yaratdığını müəyyənləşdiriblər. Bu strukturlar Kelvin-Helmholtz qeyri-sabitliyi kimi tanınan fiziki prosesin nəticəsidir. Belə burulğanlar müxtəlif sürətlə hərəkət edən qaz və ya plazma axınlarının bir-biri ilə qarşılıqlı təsiri zamanı yaranır.
Alimlərin fikrincə, bu kiçik burulğanlar Günəşin maqnit sahəsinin xətlərini bükərək enerji toplanmasında rol oynaya bilər. Bu isə Günəşdə baş verən partlayışların və tac kütlə atılmalarının mexanizmini anlamağa kömək edə bilər. Günəşin belə aktivliyi Yerə çatdıqda peyklərə, GPS sistemlərinə və digər texnologiyalara təsir göstərə bilir.
Tədqiqat həmçinin Günəşin xarici atmosferinin – tacın – səthdən dəfələrlə isti olmasının səbəblərini araşdırmaq üçün yeni imkan yaradır. Alimlər hesab edirlər ki, ilk dəfə görünən bu xırda burulğanların öyrənilməsi Günəşin enerjini səthdən atmosferə necə ötürdüyünə dair mühüm suallara cavab verə bilər.