Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinə çox az müddət qalın. Avqustun 12-dən 19-dək davam edəcək bu proses gənclərin gələcək peşə və karyera yolunu müəyyənləşdirən ən mühüm mərhələlərdən biridir.
İxtisas seçimi zamanı valideynlərin dəstəyi vacib hesab olunsa da, onların övladlarının qərarına hansı həddə qədər müdaxilə etməsinin doğru olduğu müzakirə olunan məsələlərdəndir.
Bəs valideynlər övladlarının ixtisas seçiminə nə dərəcədə müdaxilə etməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı tanınmış psixoloq Nizami Orucov danışıb.
Onun sözlərinə görə, ixtisas seçimi gəncin həyatında verdiyi ən mühüm qərarlardan biridir:
"İxtisas seçimi təkcə universitetə qəbul olmaq demək deyil. Bu qərar gələcək peşə həyatı, motivasiya və həyat keyfiyyəti ilə birbaşa bağlıdır. Buna görə də valideynin rolu qərarı vermək yox, övladın sağlam qərar qəbul etməsinə dəstək olmaqdır. Valideynlər öz təcrübələrini bölüşə, əmək bazarı, peşələrin perspektivi və təhsil imkanları barədə övladlarına məlumat verə bilərlər. Lakin son qərar gəncin maraqları, bacarıqları və şəxsiyyət xüsusiyyətləri nəzərə alınmaqla verilməlidir".
Psixoloq bildirib ki, bəzi valideynlər xoş niyyətlə övladlarını öz arzuladıqları peşəyə yönləndirməyə çalışırlar:
"Məsələn, "mən həkim ola bilmədim, qoy övladım olsun" və ya "bu peşənin gələcəyi daha yaxşıdır" düşüncəsi ilə seçimə təsir göstərirlər. Halbuki insan maraq göstərmədiyi sahədə uzun illər təhsil aldıqda motivasiya itkisi, peşə narazılığı və hətta emosional tükənmişlik riski artır. Çünki uğurlu karyera yalnız yüksək gəlirlə deyil, insanın gördüyü işi mənalı hesab etməsi ilə də bağlıdır.
Bəzən populyar görünən bir ixtisas hər kəs üçün uyğun olmaya bilər. Ən doğru seçim insanın bacarıqları, maraqları, dəyərləri və gələcək hədəfləri nəzərə alınaraq verilən qərardır".
Psixoloq hesab edir ki, valideyn bu mərhələdə daha çox istiqamət göstərən və dinləyən tərəf olmalıdır:
"Valideyn dəstəyi daha çox dinləmək, suallar vermək və birlikdə araşdırma aparmaq formasında olmalıdır. "Sən bunu seçəcəksən" demək əvəzinə, "Səni bu sahəyə cəlb edən nədir?", "Özünü 10 ildən sonra hansı işdə görürsən?" kimi suallar gəncin özünü daha yaxşı tanımasına kömək edir. Əgər valideynlə övlad arasında fikir ayrılığı yaranırsa, məqsəd qalib gəlmək deyil, ortaq məxrəc tapmaq olmalıdır. Bəzən peşənin perspektivi ilə gəncin maraqları arasında balans yaratmaq mümkündür".
Fidan Şahkərəmova