Bakı Mühəndislik Universitetinin (BMU) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr məzunu İlqar Həşimov Böyük Britaniya Hökumətinin nüfuzlu Chevening təqaüd proqramının qalibi olub.
AzEdu.az xəbər verir ki, BMU məzunu 2026/2027-ci tədris ilindən etibarən Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Vorvik Universitetində (University of Warwick) “Maliyyə iqtisadiyyatı” (Financial economics) ixtisası üzrə magistr təhsili alacaq. Təhsil haqqı, aylıq təqaüd və digər xərclər nəzərə alınmaqla təqaüdün ümumi dəyəri 51 920 funt sterlinqdən (təxminən 120 min manat) artıqdır.
Qeyd edək ki, cari il Chevening təqaüd proqramına dünyanın müxtəlif ölkələrindən 109 mindən çox namizəd müraciət edib. Seçim mərhələlərinin nəticələrinə əsasən, yalnız 700 nəfər təqaüdə layiq görülüb. Azərbaycandan isə cəmi 3 namizəd bu nüfuzlu proqramın qalibi adını qazanıb.
Müxtəlif nüfuzlu qurumlarda - KPMG Azerbaijan, PASHA Bank və Azərbaycan Dəmir Yolları QSC-də maliyyə və hesabatlılıq sahəsində müxtəlif vəzifələrdə çalışan İlqar Həşimov hazırda AzerGold QSC-də Hesabatlılıq şöbəsinin müdiri vəzifəsində işləyir.
Qeyd edək ki, Chevening Böyük Britaniya Hökumətinin ən nüfuzlu qlobal təqaüd proqramlarından biridir. Proqram akademik nailiyyətləri, peşəkar təcrübəsi və liderlik potensialı ilə seçilən gənc mütəxəssislərə dünyanın aparıcı universitetlərində magistr təhsili almaq imkanı yaradır.