Çində 20 yaşlı qız yaşadığı binanın 18-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılmasına baxmayaraq, möcüzəvi şəkildə sağ qalıb.
AzEdu.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Hadisə Çjetszyan əyalətinin Tszyasin şəhərində baş verib. Məlumata görə, adı açıqlanmayan gənc hadisədən əvvəl sevgilisi ilə saatlarla mübahisə edib.
Bildirilir ki, qız yıxılarkən zərbənin təsirini azaldan ağaca dəyib və daha sonra kolluğun içinə düşüb. Hadisə yerindən cəmi bir neçə metr aralıda beton meydança yerləşdiyi üçün bu amilin onun həyatını xilas etdiyi qeyd olunur.
Zərərçəkən baş, ağciyər, qaraciyər və dalaq nahiyəsindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onda, həmçinin çanaq sümüyünün və hər iki ayağın sınığını aşkarlayıblar.
İki dəfə əməliyyat olunan qız üçüncü cərrahi müdaxiləyə hazırlaşır.
Qohumlarının sözlərinə görə, hadisədən iki gün əvvəl o, sevgilisindən ayrılmaq qərarına gəlib və evə qayıtmaq üçün bilet alıb. Növbəti mübahisə zamanı isə sevgilisi onun şəxsiyyət vəsiqəsini və mobil telefonunu əlindən alaraq mənzilin qapısını bağlayıb.
"Qardaşım qızı dedi ki, bütün gecə davam edən mübahisədən sonra başı gicəllənirdi. Həmin an onun yeganə məqsədi mənzildən çıxmaq və sevgilisindən uzaqlaşmaq idi", - deyə zərərçəkənin əmisi bildirib.
Hazırda polis hadisənin başvermə şəraitini və təfərrüatını araşdırır.