28 fevral 2026-ci ildə Təhsil Şurası İctimai Birliyinin növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda professor Hikmət Əlizadə Təhsil Şurası İctimai Birliyinin sədri seçilib. 4 may 2026-ci ildə Təhsil Şurası İctimai Birliyi Ədliyyə Nazirliyində yeni qeydiyyatdan keçib.
AzEdu.az xəbər verir ki, Təhsil Şurası İctimai Birliyi 25 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılıb. "Təhsil Şurası" İctimai Birliyi Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ilk ictimai birlikdir.
Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi əsasında qurur. "Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ilk dəfə dövlət qeydiyyatına alınıb. Təşkilatın ilk sədri pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev olub. Fəaliyyət göstərdiyi müddət ərzində Təhsil Şurası İctimai Birliyi ölkəmizdə təhsilin davamlı inkişafı müstəvisində ölkəmizdə həyata keçirilən islahatlara dəstək olaraq maarifləndirici tədbirlərin keçirilməsinə önəm verib.